“Bu şəhərdə kimsə yoxdur” serialı bir körpənin həyatını xilas edib.
OLAY yazır ki, bu barədə jurnalist Oktay Quliyev məlumat yayıb. O bildirib ki, dostu ekran işindəki abort səhnəsini izlədikdən sonra övladlarını tələf etməkdən vaz keçib:
“Bir dost zəng edib çox gözəl bir xəbər çatdırdı. Bir xahiş də etdi. Dedi, bilirəm, Rövşən Abdullaoğlu əlaqən var, bizim təşəkkürümüzü ona mütləq çatdır. Dostum danışır ki, yaxın qohumu var, qadın hamilədir, amma ər-arvad ikisi də uşağı istəmirdi, uşaq da qız imiş. Aborta gedəcəkdilər. Dostum “Bu şəhərdə kimsə yoxdur” serialını izləyir. Deyir: “Rayondan qayıtmışdım, iki-üç seriyanı izləyə bilməmişdim. Vaxt edib serialı izlədim. Abort səhnəsini görəndə dəhşətə gəldim. Dərhal linki abort etdirmək istəyən qohuma göndərdim. Dedim, mütləq izləsinlər. Səhəri gün mənə zəng etdi ki, heç bilirsən, bizə necə yaxşılıq etdin? Daha aborta getmirik. O filmdə Humayı yaşatmadılar, amma biz yaşadacağıq. Qızımızın adını da Humay qoyacağıq... Həmin ailə və tanışım onları abort fikrindən daşındırdığına görə serialın bütün kollektivinə, xüsusən Rövşən Abdullaoğluna təşəkkür edirlər. Həmin epizodu kəsib paylaşıram, mümkünsə siz də paylaşın, dostlar”.