“Mən heç vaxt “bakılı, rayonlu” söhbəti etməmişəm. Məni düz başa düşmürlər. Nəinki məni düzgün başa düşmürlər, başa düşmək istəmirlər. Tutublar ki, Bəhram belə dedi. Mən elə şey deməmişəm”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə qonaq olduğu “Mirinin dibçəyi” verilişində deyib.
Zaman-zaman müsahibələrində və paylaşımlarında “şəhərli və rayonlu” məsələsinə görə tənqid olunan sənətçi bu mövzuya yenidən aydınlıq gətirib:
“Söhbət paytaxtdan, şəhərdən, rayondan və kənddən gedir. Mənim babalarım, nənələrim hamısı rayonlarımızdan, kəndlərimizdən gəliblər. Mənim nənələrimin və babalarımın heç biri “Torqovı” küçəsində doğulmayıb. Gəlib, Bakıda məskunlaşıblar. 1861-ci ildə Bakı şəhərinin əhalisinin sayı 7 minə çatmamışdı. Təsəvvür edirsiniz?! Basqaldan, Yardımlıdan, Şuşadan, Naxçıvandan, Qazaxdan ya da Lənkərandan gəlmişik... Beləliklə, Bakı formalaşıb, şəhər olub... İnsanlar burada ali məktəbə gedirdilər və 5 il təhsil alıb bir çox mədəniyyət, etiket qaydalarına yiyələnirdilər. Ondan sonra işə düzəlib şəhərli olurdular... Yəni urbanizasiyanı keçmiş insana çevirilirdilər... Mən demirəm ki, rayondan gələn insan mədəniyyətsizdir. Onların da öz mədəniyyəti var. Amma elə məsələlər və məqamlar var ki, onları şəhərdə etmək olmaz. Şəhərli rayona, kəndə gedəndə onların qayda-qanuna əməl etməlidir. Çünki o rayonlunun gözü şəhərliyə öyrəşməyib. Əgər sən məscidə gəlmisənsə, onlar kimi namaz qılmalısan. Bu yazılmamış qanundur. Əvvəllər analarımız başına kəlağayı taxmamış qonşuya və ya kiminsə yas mərasiminə getməzdi. Amma Bakıda bu, normal idi. Başıaçıq bazara gedə bilərdi, amma rayon yerində olmazdı. Əgər sən şəhərə gəlmisənsə, qışqırmaq, çığırmaq olmaz, sakit danışmalısan. Mən millətimi sevən insanam. İstəyirəm sivil, müdrik, uzaqgörən, tərbiyəli, mədəniyyətli olaq ki, ölkəmizə gələn turistlər bizdən nələrisə götürüb özü ilə aparsın. Xarici turistlər Bakıya gəlib bizim şəhərimizin təmizliyindən danışırlar. Bu təmizliyi biz saxlamalıyıq. Şəhərimizi zibilləməli deyilik. Mənim dediyim də budur...”