WOW
WOW

“Başımı qaldırıb Oqtayı çağırdım” - İlk dəfə qəzadan danışdı

“Başımı qaldırıb Oqtayı çağırdım” - İlk dəfə qəzadan danışdı

Xalq artisti Mehriban Zəki ilk dəfə həmkarı Dilarə Əliyeva və mərhum prodüser Oqtay Əliyevlə düşdüyü qəzadan danışıb.

OLAY yazır ki, aktrisa bu barədə “Ötən günlər” proqramında açıqlama verib. O, hadisə zamanı yaşadıqlarını belə dilə gətirib:

“Bu barədə heç vaxt danışmadım. Mənə edilən zənglərdən imtina etdim, heç bir televiziyada açıqlama vermədim. Yəqin ki, mən də böyük şok keçirdim. Hər gün bunu analiz edirdim. Əvvəla mən də xəsarət almışdım. Fikirlərim bir qədər dağılmışdı. O günü yadıma salanda maşın ki, yoldan çıxdı, başımı qaldırıb Oqtayı çağırdım. O an anladım ki, Oqtay yoxdur, ona baxmağa da bir məqam yox idi. Sanki susmağı ilə dedi ki, heç bir problem yoxdur. İlk zərbədə huşumu itirdim. Huşum ağlıma gələndə ilk Dilarənin səsini eşitdim. Deyirdi: “Mehribanın üzü qandır, Oqtay, Oqtay”. Mən nə baş verdiyini dumanlı şəkildə xatırlayıram. Sonra sosial şəbəkələrdə şəkillərə baxanda... O insanlar “sağ olsunlar”. 

Bu xoş olmayan şeylərdir. İnsanların qəzasını o şəkildə paylaşmazlar. Özümün o halım heç yadımda deyildi. Bir gözümü qaldırdım Oqtayı gördüm, yerdə uzanmışdı. Sonra yenə huşumu itirdim. Gözümü açanda Oqtay və Dilarəni soruşurdum. Deyildi ki, hər şey yaxşıdır, ən pis vəziyyətdə olan sənsən. Mənə son ana qədər demədilər. Səhəri gün bildim ki, Oqtay dünyasını dəyişib. Bunu niyə dedim. Artıq bir il keçib, mənim dilimdən deyilməli olan sözlər var. Dilarə, çox-çox üzr istəyirəm, səni göz yaşlarına qərq etdim. Niyə bunu danışdım. Oqtay susqunluğu, dinməzliyi ilə problem yoxdur, mən xoşbəxtəm deyirdi. Dilarənin sözü yadımdadır, deyir, Oqtayın üzünə baxanda xoşbəxt ifadəsi hiss olunurdu. Allah ona qəni-qəni rəhmət etsin. Hər zaman onu yalnız xoş xatirələrlə anırıq. Oqtay, problem yoxdur”.

Qeyd edək ki, sənətçilər 2023-cü ilin martında qəzaya düşüb.