WOW
WOW

Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı

Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı

Xalq artisti Emin Ağalarov “Jara” musiqi festivalına erməniəsilli müğənniləri dəvət etməyindən danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Persona” verilişində məlumat verib. 

O, belə bir addım atmağının yaradıcılığına və biznesinə təsir etmədiyini söyləyib:

“Heç cür təsir etmədi. Çünki birincisi, Qarabağda çıxış etmiş müğənnilərin siyahısına gəldikdə, hamısı anlamışdılar ki, onları aldadıblar. Buraya gəlməmişdən əvvəl bir sıra etaplardan keçdilər. Bununla da buraya gəlişləri təsdiqləndi. Yəni, bu mənim şəxsi qərarım deyildi. Qərar müxtəlif mərhələlərdə, müxtəlif instansiyalar tərəfindən təsdiqlənmişdi. Üstəlik, o müğənnilərin hamısı Azərbaycanı çox sevirlər. Onlar bu səhnəyə ən xoş arzularla, xoş sözlərlə çıxırdılar. Tamaşaçılar da onları hərarətlə qarşılayırdılar. Ona görə də biz ölkə olaraq heç nə itirmədik”.

E. Ağalarov həmçinin, gələcəkdə erməni milliyyətindən olan şəxsləri Azərbaycana dəvət edib-etməyəcəyindən bəhs edib:

“Aydındır ki, həmin mərhələlərdə məlum münaqişənin formalaşdırdığı neqativ var idi. Lakin ölkəmiz o səhifəni artıq uğurla çevirir, ümid edirəm ki, biz bunu həmişəlik unuda bilərik. Bilmirəm ölkəmizin mövqeyi necə olacaq. Başa düşdüyüm qədər idmançılar münaqişənin qaynar fazasında da buraya gəlirdilər, yarışlarda iştirak edirdilər. Və belə hal da olmuşdu ki, ölkənin birinci şəxsi (red. – Prezident İlham Əliyev) erməni idmançısının boynuna medal taxmışdı. Çox gözəl addım idi. Hesab edirəm ki, bu çox düzgün və çox maraqlı idi. Çünki idmanda qalib mənşəyindən, milliyyətindən asılı olmayaraq qalibdir. Fikrimcə, musiqidə də eyni cürdür. Əgər başa düşsəm ki, ölkəmizə istənilən mənşəli müğənnilər gələ bilərlər, mən bu istiqamətdə ölkəmlə sinxron işləyəcəyəm. Ölkəmiz onların gəlişindən imtina etsə, biz də dəvət etməyəcəyik. Fikrimcə, musiqi sərhədsiz olmalıdır. Lakin bu mənim şəxsi fikrimdir və o dövlətin mövqeyi ilə üst-üstə düşməyə bilər”.

Qeyd edək ki, proqramın çəkilişləri ötən ilin dekabrında baş tutub.