Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən keçirilmiş film layihələri müsabiqəsinin qalibləriylə müqavilələr bağlanıb.
OLAY Kinoinfo.az-a istinadən yazır ki, Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək filmlər üçün maliyyə dəstəyi də ayrılıb.
9 qalib layihə üçün ARKA 2.888.498 AZN maliyyə dəstəyi ayırıb. Bu layihələrin ümumi büdcəsi isə 4.145.680 manatdır. Bu deməkdir ki, məbləğin qalan hissəsini isə şirkətlər özləri təmin edəcəklər.
Sözügedən 9 filmdən “Arılar və qəbirlər”ə 458 min 920, “Nargin”ə 350 min, “Ölüm axtaran qadın”a 285 min, “Kür – çaylar anası”na 200 min, “Narqız”a 97 min 618, “Borc”a bir milyon, “Xəzinə”yə 350 min, “Kapitan və Xəzər dənizi”nə 87 min 260, “Erkən hisslər”ə 59 min 700 manat vəsait ayrılıb.
Beləliklə, 9 layihədən ikisinin (“Ölüm axtaran qadın” və “Erkən hisslər”) tam büdcəsi agentlik tərəfindən təmin edilib.
Filmlərdən ən yüksək büdcəli olanı isə, Bakı Media Mərkəzi tərəfindən çəkiləcək “Borc” filmidir. Ekran işi üçün ümumilikdə 1 milyon 200 min vəsait ayrılıb. Məbləğin 1 milyonunu ARKA qarşılayıb.