WOW
WOW

Aygün Bəylərlə Nigarın gerçəkləşməyən layihəsi nə idi?

Aygün Bəylərlə Nigarın gerçəkləşməyən layihəsi nə idi?

“Avroviziya” qalibi Nigar Camal duet ortağı mərhum Əməkdar artisti Aygün Bəylərdən söz açıb.

OLAY yazır ki, sənətçi “O üz” verilişinə müsahibəsində A.Bəylərlə olan ünsiyyətindən bəhs edib.

Nigar Aygünlə baş tutan duetin pərdəarxası məqamlarından danışıb:  

““Nəfəsim Qəlbim” mahnısının sözləri və musiqisi mənə aiddir. Hazır olandan sonra Aygünə təklif etdim. O isə bunu böyük məmnuniyyətlə qəbul etdi. Bundan sonra biz birlikdə layihəni hazırlamağa başladıq . Hamı deyirdi ki, siz fərqli insansınız. Bu duet sizdə necə alınıb? Amma hər şey əla idi... Gülürdük, danışırdıq. Aygün keçmiş Novruz bayramında mənə təklif etdi ki, bir yerdə milli tərzdə mahnı oxuyaq. Gözəl bir klip də çəkdirək. Klipin ssenarisini də düşünmüşdüm.

İstəyirdim ki, 60-70-ci illərin tərzində bir layihə olsun. Əslində, çox maraqlı olmalı idi. Amma milli mahnı oxumaqdan qorxurdum. Deyirdim ki, mən pop ifaçısıyam, heç vaxt milli mahnı oxumamışam və məndə sənin kimi möhtəşəm alınmaz. Amma o deyirdi ki, Nigar səndə hər şey alınacaq. Gəl, bir yerdə oxuyaq, insanlara maraqlı olacaq”.

N.Camal bildirib ki, A.Bəylərin analizlərinin cavablarını Bakıdakı həkimlərə göstərəndə vəziyyətinin çox ağır olduğunu öyrənib:

“Milli mahnı oxumaq haqda yayda Aygünlə danışdım. Amma iki gün sonra onunla bağlı çox pis bir xəbər aldım. Aygündə xərçəngin 4-cü mərhələsi idi. Zəng edib ona söylədim ki, Bakıda çox yaxşı həkimlər tanıyıram. Mənə analizlərini göndər. O isə xəstəliyi ilə bağlı Türkiyəyə müalicəyə gedirdi. Bakıda xəstəxanaların birinə getdim. Orada həkimə Aygünün analizlərini göstərdim. Amma söylədilər ki, analizlərin cavabı çox pisdir. Mütləq şəkildə o kimyaterapiyaya başlamalıdır”.

Nigar Aygünün qəfil ölümünə inanmadığını və onun sayəsində muğamı sevdiyini bildirib:

“Aygün Bəylərin ölümü mənim üçün çox çətin oldu. Bir insanı çox istəyəndə ona nəsə bir pis şey olacağına inanmırsan. Elə düşünürsən ki, onun üçün hər zaman hər şey yaxşı olacaq. Bizdə sənətkar çoxdur. Hamıya hörmətlə yanaşıram. Amma Aygün Aygündür. Aygünün səsi Allah vergisidir”.

Müğənni “Nəfəsim, qəlbim” mahnısının yazıldığı gündən də söz açıb:

Bir neçə dəfə çalışdım ki, nəğməni başqa cür oxuyum. Aygün gəldi... O mahnıya əvvəlcədən heç qulaq da asmamışdı. Bir dəfə yanımda mahnını dinlədi və elə oxudu ki, göz yaşlarım axmağa başladı. Dedim ki, “Aygün sən neyləmisən? Bu mahnını necə belə oxumaq olar? Aygünün səsi ilə muğama vuruldum. Çox xoşbəxtəm ki, Aygünü tanımışam”.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.