Moskvadakı terror aktına görə konserti təxirə düşən Xalq artisti Röya Ayxan Azərbaycana qayıdıb.
OLAY yazır ki, estrada ulduzu komandası ilə birgə Bakıya gəlib.
Röya Ayxan havalimanında jurnalistlərin suallarını cavablandırıb:
“Baxmayaraq ki, mən Qarabağlıyam, mən ümumiyyətlə belə bir şey yaşamamışdım. Nə güllə səsi eşitmişdim, nə bütün bu faciələri görməmişdim. Onu gördüyümə də heç sevinmirəm. Bircə onu bilirəm ki, məni nə qədər adam çox istəyirmiş. Azərbaycanlılara, bütün azərbaycanlı sənətkarlarıma təşəkkür etmək istəyirəm. Məni axtardılar. Hər şey yaxşıdır. Oradan çıxmağımızı məndən soruşsanız, bilmirəm necə çıxmışıq. Əgər video çəkiblərsə, siz görmüsünüz. Heç nə anlamamışam. Yarı yolda bilirəm ki, Nazim mənə dedi ki, “Heç olmasa 2 dənə söz de, bilək yaxşısan”. Mənim ağzım bağlanmışdı. Mənə ilk deyiləndə inanmadım. Elə bilirdim ki, zarafat edirlər. Allah böyükdür. Necə olur ki, o qapıya girdilər, bu qapıya yox. Bizim qapıda daha böyük coşğu, həyəcan var idi. Mən bu gecə ümumiyyətlə yatmamışam. Gözümü yummamışam. Allahın yazdığı bir yazı var idi, biz də bunu yaşamalı idik. Qorxmadım, gözəl keçdi deyə bilmərəm. Çox qorxdum, bir neçə saat ümumiyyətlə danışmamışam. Heç nə anlamadım, heç başa düşmədim nə baş verir. Mən çox sevinirəm ki, biz sağ-salamat döndük. Sizinlə fəxr edirəm. Biz nə ən gözəl, ən pis şeyləri birlikdə yaşadıq. Biz bu konsertin də ən gözəlini edəcəyik, amma orada itirdiklərimizə hörmət edib geri döndük. Birinci hörmət edəcəyik, gözləyəcəyik, sonra davam edəcəyik”.