WOW
WOW

“Onsuz da Allah cəzamı verib”

“Onsuz da Allah cəzamı verib”

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.

***

Müdafiəçilər Əli Hüseynov və Elnur Quliyev blogerin hadisə baş verən vaxt içki qəbul etmədiyini, bu səbəbdən ona verilmiş ittihamın düzgün olmadığını deyiblər: “Müvəkkilimə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham verilməli idi. Düzdür, ağır qəza baş verib, Şakirli də özünü təqsirli bilir, peşmandır”.

Vəkillər blogerin əməlinin Cinayət Məcəlləsinin daha yüngül-263.2-ci maddəsinə tövsif edilməsini, bir qolunu itirməsini, himayəsində azyaşlı övladının olmasını həmçinin məsuliyyətini ağırlaşdıran hal olmadığını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş ən aşağı cəza verilməsini, həmin cəzanın şərti hesab edilməsini xahiş ediblər.

Çıxışlardan sonra hakim “Nikosayağı”ya son sözünü deməyi təklif edib.

Bloger son sözündə “hadisə ilə bağlı özümü tam təqsirli bilirəm. Onsuz da Allah mənim cəzamı verib. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Bundan sonra veriləcək hər bir cəzaya da hazıram. Rəhmətə gedən də mənim öz doğma qardaşımdan ayırmadığım adam idi. Allah rəhmət eləsin. Ailəsindən də bir daha dönə-dönə üzr istəyirəm”, - deyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.