WOW
WOW

“Deyirdilər, Zeynəb Xanlarova onun qarşısını kəsib”

“Deyirdilər, Zeynəb Xanlarova onun qarşısını kəsib”

Çox təəssüf ki, Leyla xanım dünən rəhmətə getdi. Mən onun nəvəsi ilə danışdım. Leyla xanımın ögey qızının nəvəsi idi mənimlə danışan. Ömrünün son illərində Almaniyanın Düsseldorf şəhərində yaşayırdı. İki il idi ki, xəstə idi. Son aylarda isə ağır alzaymır xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanada qalırdı deyilənə görə. Almaniyada tək yaşayırdı, sığınacaq almışdı. Ailəsi ilə problemləri var idi, ondan imtina etmişdilər. Bunu ömrünün son gününə qədər sirr saxlayıb, heç kimə bildirməyib”.

OLAY yazır ki, bunu moderator.az-a açıqlamasında “Təbriz mahnıları” səhifəsinin rəhbəri, Təbrizdə yaşayan Əmirəli Qızıllı deyib. O daha sonra Xalq artisti Leyla Şərifova ilə bağlı maraqlı faktları bölüşüb:

“Kommunizm mühitində böyüyüb boya-başa çatmışdı. Birinci həyat yoldaşı dünyasını dəyişəndən sonra onun qarşısına məqsəd qoyurlar ki, Bakını tərk etsin. Ondan sonra ağır xəstələnir, depressiyaya düşür. İrana, Məşədə gəlir və orada yaşayır. İkinci həyat yoldaşı Leyla xanımı İrandan Tacikistana qaçırdır. Çünki İranda şah dövrü idi, onun zülmündən hamı qaçırdı. Bakını çox sevirdi. Hətta danışığımızda hər zaman böyük fəxrlə və qürur hissi ilə deyirdi ki, mən Bakılıyam. Hamı nədənsə onu Tacik yaxud İranlı bilirdi. Atası izmirli, anası isə azərbaycanlı idi. Leyla xanım Bakıda doğulub, boya-başa çatıb. 1970-ci illərdə Leyla xanım Tacikistandan yenidən Azərbaycana qayıdır. Lakin ona meydan verilmir. Deyirdilər ki, xüsusilə də Zeynəb Xanlarova onun sənətdə qarşısını kəsib, mane olub. Ona görə də Leyla xanım Tacik və İran müğənnisi kimi tanınıb. Almaniyada yaşayan tacik və iranlılar onu farslaşdırmağa çalışıblar, Leyla Şərifovanın onlara aid olduğunu bildiriblər. Leyla xanım farsca yaxşı bilirdi. Flora Kərimova, Rübabə Muradova ilə yaxın rəfiqə olduğunu deyirdi. Leyla Şərifova Almaniyada yaratdığı “Gülşən” mahnı ansamblına rəhbərlik edib. 2011-ci ildə Tacikistan prezidenti Emoməli Rahman Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla Şərifova da olub”.