WOW
WOW

“Ən səmimi sevgi ilə” ADA-da təqdim olundu

“Ən səmimi sevgi ilə” ADA-da təqdim olundu

Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin ADA Universitetində təqdimatı olub.

OLAY yazır ki, tədbirdə Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Universitetin rektoru Hafiz Paşayev, Sabiq Müdafiə Sənayesi naziri Mədət Quliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və layihənin müəllifi Hüseyn Cavadzadə iştirak edib. 

Rəis bəy isə çıxışı zamanı Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladığı üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildirib.

H. Paşayev çıxışında vurğulayıb ki, Rəsulzadə əsl məfkurə insanı idi və onun ideologiyasını yeni nəsil araşdırıb, öyrənməlidir.

Layihə rəhbəri H. Cavadzadə OLAY-a açıqlamasında filmin çəkiliş prosesindən danışıb:

“Filmin çəkilişləri ilə bağlı mənim yaradıcılıq azadlığım var idi. Biz Rəsulzadənin Avropa arxivlərinə baxdıq. Bilirsiniz ki, onun həyatının böyük hissəsi Türkiyədə keçib. Ekranda gördüyünüz kimi, ilk dəfə türk tarixçilərlə görüşdük. Rəsulzadənin izi ilə yola çıxsaq, sənədli filmlər silsiləsi çəkə bilərik. Çox təəssüf ki, bu, onun haqqında lentə alınan ilk filmdi. Üç ildir çəkilməsinə baxmayaraq, yenə də ilk olaraq qalır.  Sovet dövründə bizim alimlər, tarixçilər çəkiniblər, ya da resursları olmayıb. Elə oldu ki, mənim resurslarım və sevgim çatdı. Gedib araşdırdım. Mən dünyada bir çox görkəmli azərbaycanlıların məzarını ziyarət edib, varisləri ilə görüşmüşəm. Mən məzarlığa düşəndə gördüm ki, gözlərim dolub, özümü narahat hiss edirəm, komandaya dedim ki, siz maşında gözləyin, tək ziyarət edib qayıdım. İzlədiyiniz ikinci dubldır. Mən orada ona bir söz verdim, onu qorumağa çalışıram. Bu bir övladlıq, vətəndaş borcudur”. 

Qeyd edək ki film Vaşinqton, Ankara, İzmir, Tbilisidən sonra Bakıda nümayiş olunub. Onu da diqqətinizə çatdıraq ki, filmi bu gündən etibarən Yutub platformasından izləmək olar.

Video: Soltan İbrahimov