Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Maştağa Mədəniyyət evində Əməkdar artist Dilarə Əliyeva ilə görüş keçirilib.
OLAY yazır ki, aktrisa çıxışı zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevdən də danışıb. Ağır itkisindən söz açan sənətçi göz yaşlarına boğularaq bildirib ki, onun yarım qalan işlərini tamamlayır:
“Mən onun ruhunu şad edə bilərəm. Başqa nəsə əlimdən gəlməz. Amma yarım qalan işlərini tamamlayaram, arzularını həyata keçirərəm. Dediyim odur ki, öz timsalımda bu faciəni yaşayan, doğmasını, əzizini itirən bütün insanlara səslənirəm, deyirəm ki, başımıza gələn faciələr oturub üzülməyimiz üçün yox, ayağa qalxıb güclənməyimiz üçündür. Sınmayın, əyilməyin, biz onsuz da içimizdə çəkirik. Hətta sizin qarşısınızda da kövrəlmək istəməzdim. Çünki bunu kimsəyə göstərmək istəmirəm. Bizim bu anlarımız üçün bağlı bir otağımız var. Bu dünyada hamının bir dərdi var. Yüz il də keçsə, əzizlərimizin yeri görünəcək. Odur ki, möhkəm olun”.
Bu zaman görüşdəki sakinlər Əliyevaya dəstək olaraq, onu hər zaman gülərüz görmək istədiklərini deyiblər.