Əməkdar artist Suğra Bağırzadə ilk dəfə mərhum dostu Firəngiz Rəhimbəyova ilə incikliyindən danışıb.
OLAY yazır ki, bu barədə o, “Yüz ilin sirləri” proqramında açıqlama verib. Sənətçi söyləyib ki, onun ölüm xəbərini eşidəndə çox pis olub:
“Çox pis oldum. O qədər ağlamışdım ki, heç inana bilmirdim. O, həyat yoldaşının anadan olduğu gün dünyadan köçdü. Onlar da xoşlayırlar ki, evdə hər bir mərasimi qeyd etsinlər. Evdə qonaqları qəbul edib. Sonra ürəyinin ağrısı tutub, heç kimə heç nə deməyib, yalnız qonaqlar gedəndən sonra təcili yardıma zəng ediblər, gəlib götürüblər. Heç xəstəxanaya çatdıra bilməyiblər. Maşında canını tapşırıb. Bunu mənə çox yaxın bir insan danışdı. Bundan sonra heç ağlımdan çıxmır. Necə yəni sənin ürəyin ağrıyır. Hiss edirsən ki, sənə nəsə ola bilər, amma ətrafındakı qonaqları fikirləşirsən. Bu düzgün hərəkət deyil. O, qızını fikirləşməliydi. İki nəvəsini düşünməliydi. Təsəvvür edin ki, qızı tək qaldı. Düzdür, həyat yoldaşı, iki övladı var. Amma ana başqa şeydir. Necə ki, özü anasız böyüdü, eləcə də lazımi vaxtda qızını anasız qoydu. Həmişə bunu fikirləşəndə qəhərlənirəm. Gərək hər şey edərdin ki, həyatını xilas edəsən”.
Verilişdə sənətçilərin küsülülüyünə səbəb anlaşılmazlıq olduğu qeyd edilsə də, Bağırzadə bu məsələdən üstüörtülü danışıb:
“Biz qadınıq axı. Öz haqq-hesablarımız var. Nə qədər dost olsaq da, tamam müxtəlif insanlar idik. Heç nəyimiz eyni deyildi. Sadəcə bir-birimizi o qədər çox istəyirdik ki, bunlar kənarda qalırdı. Ancaq görüşəndə deyib-gülməyimiz, sevincimiz, övladlarımızın dostluğu bizim üçün daha vacib idi. Uzaqlaşmağımızın onun sənətinə heç bir adiyyəti yoxdur. Çünki həmişə sənətinin vurğunu olmuşam. Mənim üçün həmişə sənətkardır, həmişə də sənətkar kimi yaşayır”.