Rejissor Emil Quliyev Nizami Kino Mərkəzindən pulunu ala bilmədiyini iddia edib.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında açıqlama yayıb.
Emil bildirib ki, “Mən burada tək olmuşam” filminin prokatı baş tutsa da, ona ödəniş çatmayıb:
“Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. İnanın ki, onların yerinə mən utandım. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da kinoteatrımız işıqlı olsun”.
Emilin bu paylaşımını prodüser-rejissor Orxan Mərdan da “repost” edərək bu sözləri yazıb:
“Borclu borclunun sağlığını istəyər. Mənə də borcludurlar. Mən bağışladım, sən də bağışla. Məsələ odur ki, borcu istəməyə direktor yoxdur. Gün o gün olsun direktor təyin olunsun onların borcu qədər direktora qonaqlıq verim”.
Kino Mərkəzinin mətbuat xidmətindən E. Quliyevin açıqlaması ilə bağlı Qafqazinfo-ya bildirilib ki, ödənişin gecikdiyi doğrudur:
“Bu o demək deyil ki, ödəniş olunmayacaq. Hər şey müqavilə əsasındadır. Sözsüz ki, ödəniş olunacaq. Bu, Emil Quliyevin Nizami Kino Mərkəzində yayımlanan ilk filmi deyil. Daha əvvəlki bütün filmlər üçün ödəniliş edilib. İşıqpulu məsələsinə gəldikdə isə, kommunal borclar hər yerdə olur. Bu o demək deyil ki, filmdən gələn pulu işıqpuluna xərcləmişik”.