Ötən gün “Zəhər tuluğu”nun qala gecəsi bir-birindən rəngli görüntülərə səhnə olub.
OLAY yazır ki, tədbirə qatılan məşhurlar daha sadə libaslara üstünlük versə də, blogerlərin daha təntənəli şəkildə hazırlaşması diqqətdən yayınmayıb.
Filmdə kiçik bir epizodda yer alsa da, tamaşaçılar tərəfindən xeyli alqış toplayan Əməkdar artist Hüsniyyə Mürvətova qalaya uzun qızılı libasla qatılıb. O, geyimini eyni çalarlarda “Dolce&Gabanna”nın imitasiya çantası ilə tamamlayıb.
Ekran işində Rəna obrazına həyat verən Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova da həmkarı kimi parıltılı libasa üstünlük verib. Onun geyimini parlaq klatç, sırğalar və ayaqqabı müşayiət edib.
Əməkdar artist Sənubər İsgəndərli gecəyə ənənəvi tərzi ilə qatılıb. Qara rəngi seçən İsgəndərli kombinasiyasını məxməri pencəklə tamamlayıb. Onun çəhrayı dodaq və dırnaq boyası gözdən yayınmayıb.
Bloger Xatirə Yüzbəyova həyat yoldaşının film qalasına gümüşü “over size” libasla təşrif buyurub. O, qırmızı xalıda “Mach & Mach” brendinin imitasiya ayaqqabısı ilə boy göstərib. Qırmızı çantayla “look”un tamamlayan Xatirənin əlindəki maska da diqqətdən qaçmayıb.
Gecənin iddialı libaslarından birini müğənni Roza Zərgərli geyinib. İfaçı sinə dekoltesi olan açıq bənövşəyi rəngli donunu bordo çanta və ayaqqabı ilə kombinə edib. Onun iri qızılı, mirvari aksessuarları və libasının qırış olması da diqqət çəkib. Sənətçinin oğlu Corc Qafarov da gecəyə anası ilə birgə gəlib. Corc Rozadan fərqli olaraq daha sadə kombinasiya seçib.
Bloger Apruza qırmızı xalıda narıncı uzun və son zamanlar trendə çevirilən tüklü donu ilə pozalar verib. Onun qızılı ayaqqabıları, narıncı klatçı və gümüşü sırğalarının uyğunsuz, makiyajının isə düzgün olmaması nəzərə çarpıb. Apruza isə sosial media hesabında paylaşdığı fotolarda buna şəkillərinin ağladıqdan sonra çəkilməsini əsas gətirib. Buradakı görüntülər isə bloger ağlamamışdan öncə lentə alınanlardır.
Aktrisa Pərvin Abıyeva sadə və iddialı kombinasiyası ilə diqqət çəkib. Sənətçi göy rəngdə olan geyimini “Dolce&Gabanna” çanta ilə tamamlayıb.
Gecəyə təntənəli şəkildə hazırlaşanlardan biri də bloger Nəcibə Əhmədi olub. O, qara qısa geyimini eyni rəngli tül corabla, çəhrayı qol aksessuarı ilə kombinə edib.
Aktrisa Duyğu Dəvəli isə qırmızı xalıda qışın ortasında yayı yaşadıb. Onun al-əlvan libası və çəhrayı gödəkçəsi diqqət mərkəzində olub.
İTV-nin simaları: Azər Aydəmir həyat yoldaşı İradə Aydəmirlə, Tural Yusifov isə Səma Abıyeva ilə pozalar verib. Turalla Səma libaslarında qara rəngə üstünlük versələr də, Azərlə İradə daha açıq rənglər seçiblər.
Aparıcı Turanə Hüseynli mavi top və klassik pencəyini qara rəngli cinslə birləşdirib. O, gümüşü ayaqqabısı ilə kombinasiyasını tamamlayaraq gecəni “yola verənlər” arasında yer alıb.
“Yola verən”lər karvanına aktrisa Sevinc Əliyeva da qoşulub. O, “Nazik mətləb” filminin qalasından fərqli olaraq bu dəfə özünə əziyyət verməyib. Gecəyə qara ayaqqabı və “legginqs”lə və fərqli görüntüsü olan pencəklə gəlməyi üstün tutub.
Aktrisa Nərgiz Əliyeva isə qala üçün ağ kostyum seçib. Qara top və “YSL” çantası ilə qırmızı xalıda pozalar verib.
Fotoqraf Həmid Həmidli və həyat yoldaşı, bloger Aytən Fərzəliyeva qara rəngi seçənlər sırasında olub. Geyimində gümüşü detallara üstünlük verən Aytən “Mach & Mach”ın başqa bir təqlid ayaqqabısı ilə qırmızı xalıda boy göstərib.
Bloger Həmayıl Cəfərova isə gecə üçün göy libas seçib. Gümüşü ayaqabısı və klatçını göy rəngli tüllə bəzəyən Həmayıl da tədbirə həmkarları kimi “Met Gala”ya qatılırmış ədasıyla gəlib.
Müğənni Çinarə Məlikzadə də “ver yeyim, ört yatım, gözlə, canım çıxmasın” deyərək tədbiri “ciddiyə almayıb”. O, başdan ayağa qara geyinərək sanki adi günlərdə film izləməyə gələnlərdən biri kimi olmağı seçib.
Filmdə rol alan bloger Mehin Oktaylı isə gecə üçün krem rəngli libasa üstünlük verib. Daha çox cizgi film premyerasına qatılanları xatırladan bloger geyimini qızılı klatçla tamamlayıb.
Gecəni “yola verən”lər arasında aktyorlar İslam Mehrəliyev və Elcan Rəsulov da olub. Əməkdar artist Bəhram Bağırzadə isə klassik tərzi ilə onları geridə qoyub.
Bloger Arzu Cəlilova təqdimata həyat yoldaşı ilə qatılıb. O, xaki, bel dekolteli libasını krem rəngli ayaqqabı ilə tamamlayıb. Cəlilova həmkarları kimi gümüşü çanta seçib.