Azərbaycanın Əməkdar artisti Lalə Məmmədova 2018-ci ildə təqdim etdiyi "Rəssam" mahnısını ekranlaşdırıb.

OLAY yazır ki, sözləri Gülnar Hüseynə, musiqisi Novruz Aslana məxsus olan bəstə rəssamın daxili dünyasından, kövrək hisslərindən və sevgisini rənglərin dili ilə kətana köçürməsindən bəhs edir. Əsərdə yaradıcı insanın hər bir tablosuna qəlbindən bir zərrə qatması tərənnüm olunur.

Mahnının aranjimanı Mahir Ordubadiyə, səs uzlaşması isə Givi Usenaşviliyə aiddir. Musiqi partiyalarını fleytada Elman Mustafayev, gitarada İlham Ələsgərov, kamançada isə Ceyhun Məmmədov ifa edib.

Üç fərqli məkanda lentə alınan klip rəssamlara həsr olunub. Klipdə rəssam obrazında çıxış edən sənətçinin tərəf müqabili peşəkar rəssamdır.

Layihədə sənətçinin stilini Nərgiz Əşrəfzadə hazırlayıb, makiyajı Əlislam Qasımzadəyə, saç düzümü isə Kamilə Məlikzadəyə aiddir.

Layihənin rejissoru Aydın Hüseynli, operatoru Həsən Tağıyev, montajçısı Mirzə Dadaşov, prodüseri Nəzakət Fərhadova, layihə rəhbəri isə Elnur Qədirovdur.

Klip artıq Lalə Məmmədovanın rəsmi yutub kanalında yayımlanıb.