“Plus-size” model Qreysi Bon Panamadakı zəlzələ dağıntıları fonunda çəkdirdiyi fotolara görə tənqid olunub
OLAY yazır ki, 29 yaşlı məşhur model Qreysi Bon oktyabrın 9-da Panamada baş verən zəlzələdən sonra dağıntılar fonunda fotosessiya etdirdiyinə görə sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.
Bir neçə gün əvvəl Panamada Rixter şkalası ilə 7,7 bal gücündə güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 27 nəfər xəsarət alıb, 400-dən çox bina zərər görüb.
Panama əsilli olan Qreysi Bon baş verən hadisəyə diqqət çəkmək və ictimaiyyətin məlumatlılığını artırmaq qərarına gəlib. O, əvvəlcə sosial şəbəkələrdə zərərçəkənlərə çatdırmaq üçün su və müxtəlif ərzaq məhsulları da daxil olmaqla, ilkin tələbat malları aldığını göstərib.
Daha sonra model zəlzələ nəticəsində dağılan binaların qalıqları fonunda çəkdirdiyi fotoları paylaşıb. Şəkillərdə Qreysi cins şalvar və koftada poz verib.
Qısa müddət sonra model sosial şəbəkələrdə tənqid atəşinə tutulub. İstifadəçilər onu rezonans doğuran hadisədən istifadə edərək gündəmə gəlməyə və 11,9 milyon izləyicisi olan bloqunun reklamını etməyə çalışmaqda ittiham ediblər.