Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe müğənni Vəfa Şərifova barədə açıqlama yayıb.
OLAY yazır ki, bu barədə onun vəkili Handan Bakbak mətbuata rəsmi açıqlama hazırlayıb. Açıqlamada sosial mediada yayılan və əsassız olduğu bildirilən iddialara aydınlıq gətirilib.
Bildirilib ki, azərbaycanlı müğənni Vəfa Şərifova həm televiziya proqramlarında, həm də sosial media hesablarında Yıldız Tilbe ilə duet oxumaq üçün 100 min dollar ödəniş etdiyini, lakin duet baş tutmadığı üçün çətin vəziyyətdə qaldığını iddia edib. Vəkilin sözlərinə görə, bu iddialar həqiqəti əks etdirmir.
Açıqlamada qeyd olunub ki, Yıldız Tilbenin adı çəkilən şəxslə indiyədək heç bir əlaqəsi, yazışması, işbirliyi və ya görüşü olmayıb.
Vəkil Handan Bakbak yayılan məlumatların tamamilə uydurma, hüquqa zidd və Yıldız Tilbenin nüfuzuna xələl gətirməyə yönəlmiş olduğunu bildirib. Həmçinin vurğulanıb ki, məsələ ilə bağlı müvafiq hüquqi tədbirlər görüləcək.
Açıqlama ictimaiyyətin diqqətinə çatdırılıb.