Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 13-də vətəndaşların növbəti qəbulunu keçirib. 

OLAY yazır ki, qəbula gedənlərdən bir də Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimova olub.

 “Yeni Sabah”a danışan sənətçi görüşün məqsədini açıqlayıb:

“Mən Dövlət Komitəsinin “Böyük Qayıdış”la bağlı hazırladığı videoçarxda çəkilmişəm, torpaqlarımızın işğaldan azad olunması, görülən işlər barədə fikirlərini söyləmişəm, Şuşaya qayıtmaq arzumu bildirmişəm, eyni zamanda keçmiş məcburi köçkünlərimizə çağırış etmişəm. Yəqin ki, siz də baxmısınız. Mən sadəcə Rövşən müəllimə təşəkkürümü bildirmək üçün ora getmişdim. Fürsətdən istifadə edib ümumilikdə təşəkkür etmək istədim”.

Xalq artistinin sözlərinə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev onu çox mehriban və xoş qarşılayıb:

“Rövşən müəllim məni çox yaxşı qarşıladı. Bu, mənim onunla ilk canlı görüşüm deyildi, əvvəllər də görüşmüşük. Təkcə mənə yox, ümumiyyətlə bütün vətəndaşlara qarşı münasibəti çox müsbət idi. Görüş zamanı ev məsələsi ilə bağlı hər hansı müraciətim olmadı. Çünki özünüz də bilirsiniz ki, yataqxanalarda, uşaq bağçalarında, yarımçıq binalarda, çətin şəraitdə yaşayanlar, şəhid ailələri, qazilər var. İlk növbədə onlar dogma yurdlarına qaytarılır. Ona görə də Şuşaya qayıdıb orada yaşamaq üçün evlə təmin olunmağımla bağlı hələlik müraciətim olmayıb. Amma gələcəkdə əlbəttə ki, ev almaq niyyətim var. Allahın köməyi ilə hər kəs kimi mən də istəyirəm ki, öz torpağımda, öz evimdə yaşayım”.

Firəngiz Mütəllimova vurğulayıb ki, qəbula gedən zaman orada şuşalı qonşusunu, bir məhlədə böyüdüyü, məcburi köçkünlük dövründə Bakıda da eyni küçədə yaşadığı rəfiqəsini də görüb:

“Rəfiqəm polis işləyib, polkovnikdir. Həm də şəhid yoldaşıdır. Elə qəbula da bir yerdə keçdik”.