İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem böyük oğlu Bruklinlə bağlı ciddi qalmaqal fonunda uşaqların etdiyi səhvlər haqqında açıqlama verib.

OLAY yazır ki, idmançı “CNBC” kanalında yayımlanan “Squawk Box” proqramının qonağı olub. Orada futbolçu sosial şəbəkələr və onların psixi sağlamlığa təsiri barədə fikirlərini bölüşüb.

Devid Bekhem bildirib ki, sosial şəbəkələr həm müsbət, həm də mənfi təsir göstərə bilər.

“Biz həmişə sosial şəbəkələrdən və onların gücündən həm yaxşı, həm də pis tərəfləri ilə danışmışıq. Bu gün uşaqların əldə edə bildiyi məzmun təhlükəli ola bilər. Amma mənim şəxsi olaraq, xüsusilə də uşaqlarımla bağlı müşahidə etdiyim odur ki, bundan düzgün məqsədlər üçün də istifadə etmək mümkündür. Mən öz platformamdan və izləyicilərimdən YUNİSEF üçün istifadə edə bildim. Bu isə dünyada uşaqlarla bağlı baş verənlər barədə insanları məlumatlandırmaq üçün ən yaxşı alət oldu”, – deyə keçmiş futbolçu bildirib.

Eyni zamanda Devid Bekhem övladları haqqında da açıqlama verib. İdmançının sözlərinə görə, uşaqlara səhv etmək xasdır. Onun fikrincə, buna icazə verilməlidir, çünki məhz bu yolla onlar yeni təcrübə qazanırlar.

Maraqlıdır ki, bu açıqlamanı futbolçu böyük oğlunun valideynlərindən açıq şəkildə imtina etməsi ilə bağlı qalmaqallı bəyanatından sonra verib. Bununla belə, Devid Bekhem ailədaxili münaqişəni birbaşa şərh etməkdən imtina edib.

“Onlar səhv edirlər, amma uşaqlara səhv etmək icazəlidir. Onlar bu yolla öyrənirlər. Mən də məhz bunu övladlarıma öyrətməyə çalışıram. Bəzən onların bu səhvləri etməsinə də imkan vermək lazımdır”, – deyə idmançı qeyd edib.