Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy RTVI-yə verdiyi müsahibədə Alla Puqaçovanı “görkəmli müğənni” adlandırıb.

OLAY yazır ki, Şvıdkoy bildirib ki, o, Puqaçovanın jurnalist Katerina Qordevaya (Rusiyada “xarici agent” kimi tanınır) verdiyi müsahibəni izləyib və bununla bağlı öz fikrini bölüşüb:

“Mənim baxışım çox sadədir: o, görkəmli müğənnidir... Mən onun Rusiyadan getdiyi üçün mədəniyyətdən silinməsi tərəfdarı deyiləm. Bu, praktiki olaraq mümkün deyil. O, ölkə həyatında çox şeyi müəyyənləşdirib, hətta deyərdim ki, təkcə estrada deyil, ümumilikdə cəmiyyətin bir hissəsinə təsir göstərib,” – deyə Şvıdkoy vurğulayıb.

Xüsusi nümayəndə əlavə edib ki, onunla Puqaçova arasında xüsusi hərbi əməliyyat (XHE) və Rusiya hakimiyyətinin fəaliyyətinin qiymətləndirilməsi məsələlərində fikir ayrılıqları var, lakin bu, böyüklər arasında normal fikir fərqi kimi qəbul edilməlidir.

Xatırladaq ki, 2025-ci il avqustun 10-da jurnalist Katerina Qordeva Alla Puqaçova ilə müsahibə yayımlamışdı. Həmin söhbətdə müğənni “Vətənə xəyanət” ittihamlarına cavab verərək bildirmişdi ki, onu “Rusiyanın satqını” adlandırsalar da, o, özünü belə hesab etmir və ölkədən qaçmadığını, sadəcə “başqa yerdə yaşamağı seçdiyini” söyləmişdi.

Xüsusi hərbi əməliyyat başladıqdan sonra Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin (o da Rusiyada “xarici agent” elan edilib) uşaqları ilə birlikdə Rusiyanı tərk ediblər. Cütlüyün İsrail pasportları və Kipr vətəndaşlığı var.

Şvıdkoydan Alla Puqaçovaya gözlənilməz tərif