“Şou-biznes haqqında kitab yazmaq qərarına gəldim. Çünki illərdir pərdəarxasında baş verənləri yalnız içəridə olanlar bilir. Tamaşaçı isə səhnədə gördüyü parıltıya aldanır”.

OLAY yazır ki, bu sözləri feysbukda müğənni Nura Suri yazıb.

Nura deyib ki, kitabda şou-bizneslə bağlı detalları qeyd edəcək:

“İlk növbədə, siz “canlı ifa” hesab etdiyiniz çıxışların çoxu əslində playback-in müxtəlif formalarıdır. Konsertdən əvvəl studiyada vokal yazılır, double səslər əlavə olunur, nəfəs səsləri təmizlənir, səs düzəldilir, hündür notlar bərkidilir. Yəni artıq bir “ideal vokal paketi” hazırlanır. Konsertdə isə həmin paketin üzərinə canlı oxunur ki, səhvlər – deton, nəfəs çatmaması, yorğunluq – eşidilməsin.

Bu proses o qədər ustalıqla həyata keçirilir ki, tamaşaçı bunun playback olduğunu heç vaxt hiss etmir. Çünki mikrofonun içində belə xüsusi efektlər olur. Pulun varsa, konsert günü səhnəyə əlavə aparat gətizdirirsən, səs rejissoru da həmin anda ifanın üzərinə “reverb”, “delay”, “harmonizer” və digər effektləri qoyur. Tamaşaçı isə düşünür ki, “bu nə gözəl canlı səsdir”. Söhbət bununla da bitmir.

Konsert yazısı YouTube və televiziya üçün hazırlananda proses yenidən studiyaya qayıdır. Bütün alətlər, back vokallar, hətta zaldan gələn alqış-küy də ayrıca təmizlənir. İfaçının səsi səs proqramlarına salınır, notlar düzəldilir, çatışmayan yerlər yenidən oxudulur və montaj olunur. Sonda ideal, qüsursuz bir “canlı konsert” ortaya çıxır.

Və siz də elə bilirsiniz ki, həmin müğənni 2–3 saat konsertdə yorulmadan, bir dəfə belə detona düşmədən, tərtəmiz canlı oxuyub.

Mən isə illərdir bu proseslərin içindəyəm və yaxşı bilirəm ki, həqiqət tam başqa tərəfdədir. Tamaşaçıya göstərilən “canlı ifa” adətən çox peşəkar şəkildə hazırlanmış, lakin bir o qədər də manipulyasiya olunmuş səsdir.

Bu kitabda bütün bunları, həmçinin səhnə arxasındakı intriqaları, konsertlərin necə qurulduğunu, hansı müğənninin kimləri pulla qabağa çəkdirdiyini, kimlərin kimə qarşı qapı arxasında kampaniya apardığını, pərdəarxasında hansı mübarizələrin getdiyini açıq şəkildə yazacağam”.