Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin(AYB) sədri Anar Rzayevin sosial mediada paylaşılan fotosu ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, o, Feysbuk səhifəsində sözügedən şəkillə bağlı fikirlərini qeyd edib:
“Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət! 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar. Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi. O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb. Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər! Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”.