14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın ölümündən sonra səssizliyini pozan türk müğənni Atilla Taş yaşadığı böyük acını dilə gətirib.
OLAY yazır ki, yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkdiyini bildirən sənətçi, bu ağır günlərdə ona dəstək olan hər kəsə təşəkkür edib:
“Acımı ifadə etməyə söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımda oldunuz ki, sizə təşəkkür etməli idim. Demək, ağrılar həqiqətən bölüşüldükdə dözmək mümkün olurmuş. Bütün Türkiyə mənim balam üçün ağladı, göz yaşlarımı sildi. Yaxşı ki, varsınız”.
Atilla Taş bundan sonra qızından yadigar qalan iki övladına qayğı göstərmək və onlara sahib çıxmaq istədiyini vurğulayıb:
“Mənim qızım dünyanın ən gözəl qəlbli insanı idi. Onun üçün çox darıxıram. O, artıq bütün Türkiyənin qızı, övladı, əzizidir. Mən ondan razıyam, Allah da ondan razı olsun. Allah övladlarınızı və sevdiklərinizi sizə bağışlasın. Mənim üçün onları qucaqlayın, öpün, saçlarını sığallayın, onları sevdiyinizi deyin”.