Müğənni Nura Suri Mədəniyyət Naziliyinin tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı açıqlamasına aydınlıq gətirib.

OLAY yazır ki, Nura bu barədə sosial media hesablarında paylaşım edib.

O bildirib ki, M. Nurəliyeva ilə bağlı eşitdiklərini aydınlaşdırıb:

Bir statusa şərh yazmışam, həmin rəyimi saytlar paylaşıblar , aləm dəyib bir-birinə yenə. Bir-neçə problemi qeyd etmişəm əslində, amma adını çəkdiyim Mənzər xanıma aid olan hissəsi ilə bağlı aydınlıq gətirmək istəyirəm. Deməli, hər hansısa hadisə baş verəndə, problem yarananda araşdırıram ki, səbəbini bilim. Bunu bir çoxu edir, əminəm. Akademik Musiqi Teatrında çəkiliş məsələsində Əliqismət bəy əvvəlcə mümkündür deyib, sonradan “təsdiqlənmədi” deyəndə bu məsələnin səbəbini bilmək istədim. Səbəb “nazirlikdən icazə verilmədi” kimi deyildi. Ətrafdan da bir neçə insanla danışdım, “Mənzər xanım edir” dedilər. Yəni bu fakt deyildi. Özü ilə də danışdım həmin vaxt, nəsə bu məsələ həllini tapmadı, dəqiq məlum olmadı. İkinci dəfə də Qobustanda çəkiliş etmək istəyirdik, məsələ çox uzandı, amma sonda həllini tapdı və biz klipi çəkə bildik. Bu yaxınlarda yenə tədbirlərlə bağlı problemlər yarandı - siyahıdan adım çıxarılmışdı. Mənzər xanımın etdiyini dedilər mənə. Bu gün məlum oldu ki, Mənzər xanım 20 gün ölkə xaricində olub, başqa tədbirlərdə. Burdakı tədbirlərin keçirilməsində onun heç bir rolu olmayıb. Yəqin mənə yalan məlumat verilib. Bunu edən adamın da öz vicdanına buraxıram. Bir növ oyuna gətirilmişəm. Elə bir dövrdə yaşayırıq ki, nəyin doğru olub-olmadığını bilə bilmirik. Kim-kimə pislik edir, niyə edir, özü edib başqasının üstünə yıxır - ayırd etmək olmur. Mən də heç vaxt heç kəsə haqqsızlıq etmək istəmirəm, etmirəm.

Ən zəhləm gedən şey isə şər-böhtandır - nə özümə, nə başqalarına qarşı qəbuledilməzdir mənim üçün. Hər kəsin mütləq ki, nöqsanları var, amma haqsızlıq və şər-böhtan qəbuledilməzdir. Səfillər əsərində polis inspektoru Javert elə bilirdi ki, əgər bir insan bir dəfə pis bir şey edibsə, deməli, o həmişə edəcək. Amma həyatda belə deyil. Nə vaxtsa kiminsə bizə qarşı etdiyi bir şey, onun həmişə elə davranacağı anlamına gəlmir. Bir problem olanda “filankəs o vaxt belə etmişdi, yəqin indi də o edib” kimi düşüncələri ağlımızdan çıxartmalıyıq. Javert olmayaq”.