Moda dünyasının ən sehrli gecəsi əvvəlki illərdə olduğu kimi 2026-cı ildə də may ayının ilk bazar ertəsi baş tutacaq.
OLAY yazır ki, “MET Gala 2026”nın tarixi 4 may 2026 olaraq təsdiqlənib.
Bu ilin ən böyük yeniliyi isə mövzusudur. 2026 sərgisinin mövzusu “Costume Art” (Kostyum Sənəti) olaraq elan edilib.
Kürator Endryu Bolton sərginin “The MET”in 5.000 illik kolleksiyasında “geyindirilmiş bədənin mərkəzi rolu”ndan ilhamlandığını bildirib.
Sərgi həm də muzeyin Böyük Zalda yerləşən və yalnız modaya həsr olunmuş yeni daimi sahəsi olan “Condé M. Nast Qalereyası”nın 12.000 kvadratmetrlik bölməsinin açılışını simvolizə edəcək. Ziyarətçilər burda Kostyum İnstitutuna məxsus tarixi və müasir “haute couture” nümunələrini, rəsmlər, heykəllər və digər obyektlərlə birlikdə görə biləcəklər.
Bu sərgi Boltonun indiyədək təqdim etdiyi ilk alt başlıqsız mövzu olacaq. Başlanğıcda əlavə başlıq planlaşdırılsa da, Bolton və komandası son anda bu ideyadan imtina edərək, əsas konsepti sadə və vurğulu saxlamağa qərar veriblər.