Luvr muzeyindəki oğurluqdan sonra genişmiqyaslı bərpa işlərinin ilkin dəyərləndirməsi yenidən nəzərdən keçirilib və layihənin ümumi dəyəri 1,15 milyard avroya çatıb.
OLAY yazır ki, bu barədə Fransanın Hesablama Palatasının rəhbəri Pyer Moskoviçi mətbuat konfransında məlumat verib.
O bildirib: “Ümumilikdə layihə muzey üçün dirçəliş baxımından yeni imkanlar açır. Onun dəyəri təxminən 1,15 milyard avro olacaq".
Xatırladaq ki, 19 oktyabrda işçi geyimində olan naməlum şəxslər avtoqaldırıcı vasitəsilə Luvra daxil olaraq cəmi bir neçə dəqiqə ərzində Napoleon kolleksiyasına aid olan, dəyəri 88 milyon avro olan zinət əşyalarını oğurlayıblar. Oğurlananlar arasında boyunbağı, bross və diadem olub. İmperatriça Eugeniyaya məxsus, 1354 brilyantla bəzədilmiş tac isə qaçış zamanı yerə düşüb.
Məlumata görə, oğurlanan zinət əşyalarının bir hissəsini “darknet” vasitəsilə satmağa cəhd ediblər. Ynet-in məlumatına əsasən, oğruların nümayəndəsi bu eksponatları İsrailin mühafizə şirkətinə satmağa çalışıb. Artıq Fransada yeddi şübhəli şəxs həbs olunub. Luvr rəhbərliyi ilə polis prefekturası isə məsuliyyətin kimdə olduğunu qarşılıqlı olaraq üzərindən atmağa çalışır.