Bakıdakı Liv Bona Dea Hospital öz pasiyenti – Ali və Nino kitab mağazaları şəbəkəsinin və nəşriyyatın baş direktoru və sahibi, eyni zamanda Azərbaycan Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərliyə qarşı məhkəməyə müraciət edib.
OLAY yazır ki, bu barədə N. Köçərlinin həyat yoldaşı Şahbaz Xudu oğlu sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun yazdığına görə, klinika Nigar Köçərlidən ümumilikdə 222 395 manat tələb edir. Bu məbləğə 218 886 manat maddi ziyan, 509 manat dövlət rüsumu və 3 000 manat hüquqi yardım xərcləri daxildir.
“Pasiyent narazılıq ifadə edirsə, susdurmaq üçün yüz minlərlə manatlıq iddialar qaldırmaq yox, dialoq, səbəblərin araşdırılması və kömək yolu seçilməlidir. Xəstəxana hüquq bürosu deyil. Onun gücü məhkəmə qərarlarında yox, pasiyentə göstərdiyi qayğıdadır. Əgər hər narazılığa məhkəmə iddiası ilə cavab verilərsə, səhiyyə sistemi müalicə sistemi yox, hüquq-mühafizə mexanizminə çevrilər”, – deyə o bildirib.
Məhkəmə iddiası pasiyentin sosial şəbəkələrdə etdiyi paylaşımlarla əlaqədardır.
Xatırladaq ki, Nigar Köçərli daha əvvəl həmin hospitalda əməliyyat olunub və əməliyyatdan sonra şəxsi səhifəsində ona qarşı qeyri-münasib münasibətlə üzləşdiyini yazıb. Onun sözlərinə görə, uzanan əməliyyat və sonrakı dövrdə tibb personalının davranışı həm fiziki, həm də psixoloji sarsıntıya səbəb olub və ciddi travma yaşayıb.
Nigar Köçərli xəstəxana rəhbərliyindən izahat tələb etsə də, klinika buna cavab olaraq ittiham xarakterli açıqlama yayıb.
Pasiyentin son paylaşımlarından görünür ki, hazırda o, psixoloji gərginlik yaşayır və həkimlərə müraciət edir.
Klinika isə iddiasını həmin paylaşımların onların işgüzar nüfuzuna zərər vurması ilə əsaslandıraraq məhkəməyə müraciət edib. Hazırda iş icraatdadır.