Suad Qarayevanın qadağan olunan “Məhsəti” filmində rol alan aktrisa Fərqanə Abdulla açıqlama yayıb.

OLAY yazır ki, o, sosial media hesablarında film ətrafında aparılan müzakirələr cavab verib:

“Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də filmdə canlandırdığım Mina obrazının əxlaqını müzakirə etməyəcəyəm. Sizə bu həngamənin niyə yaranmasının qısa və təvəzökar izahını açıqlayacağam. Xahiş edirəm yazdıqlarımı əyib-bükmədən götürüb paylaşasınız.

İlk növbədə filmin qısa sinopsisindən və mənim aktrisa kimi obrazım haqqında nələr hiss etdiyimdən söhbət açım. “Məhsəti” filmi, gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlanmasından bəhs edir. Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.

Mən bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma eyni zamanda narahatlıq da keçirirdim. Çünki mən də canlandırdığım “Mina” obrazı kimi öz sərhədlərimi çeynəməliydim. Mən gözləmirdim ki, Məhsətini, Minanı və məni sosial media meydanına çıxarıb orta əsrlərdəki kimi daşlayacaqlar. Çünki nə mənim öz əxlaqıma, nə canlandırığm obrazın əxlaqına şübhəm yoxdu. Və ya mənim dəyərlərim kişi hegemoniyasıyla üst-üstə düşmür…

İndisə gəlin məsələnin əxlaq keşikçiliyinə. Təəssüf ki, dünya elə Məhsəti Gəncəvinin dövründən, hətta daha öncədən bu günə kimi qadın düşmənçiliyindən əziyyət çəkir. Qadınlar öz təbiətlərinə görə vəhşi, qorxulu məxluq, əhilləşdirilməli bir canlı kimi görülür. Onlar erkən yaşdan etibarən cəmiyyət, ailə tərəfindən müəyyən rollara girməyə məcbur edilirlər. Bu rollara sığmayanları isə meydanlara çıxarıb daşlayır, yandırır, ölüsündən belə qisas alırlar. Patriarxiyanın qadınlara biçdiyi cəmi 2 rol var: 1.bakirə qalıb, bir kişiylə evlənib uşaq doğan qadın (müqəddəs ailə ocağının qoruyucusu), 2. bu xətti davam etdirə bilməyib, bədənini satan qadın ( kişilərin arzu və şəhvətlərinin qurbanı).

Bir də bu rollara sığa bilməyən, özünü axtarmaq, tapmaq və yenidən yaratmaq istəyən qadınlar var. Onlar sadəcə bu əsrdə deyil, hər dövrdə var idilər və var olacaqlar da. Məhsəti Gəncəvi də onlardan biriydi. Onlar sadəcə rəqs etmək, əylənmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər. Hər hansısa orta statistik kişinin etdiyi kimi… Amma bunu qadınlar etdiyi üçün “əxlaqsız” damğası vurmaq necə bir ikiüzlülükdü?”.

“Gözləmirdim ki, Məhsətini və məni daşlayacaqlar” “Gözləmirdim ki, Məhsətini və məni daşlayacaqlar”