Əməkdar artist Elza Qaybalıyeva çətin vəziyyətdədir.

OLAY yazır ki, bu barədə sənətçi Baku TV-yə məlumat verib.

Muğam ifaçısı bildirib ki, səhhəti  və maddi durumu ilə bağlı problemləri var:

“Sağlam olsam, gedib işləyərəm. Maşınlara daş yükləyərəm, bilərəm ki, evə axşam alnı açıq gəldim, pulum var. Amma sağlam deyiləm, ağır şəkər xəstəsiyəm, tez-tez komaya düşürəm. Heç olmasa, 1 ildən bir müalicə olunmalıyam. Respublikanın Əməkdar artstiyəm, 200 manat alıram, kommunalın yarısına çatmır heç. Axırıncə dəfə Mədəniyyət Nazirliyinin qəbuluna getdim, qəbul etmədilər. Dedilər, imtahan verməlisiniz, ondan sonra baxılacaq ki, sizi hara göndərə bilərik. Çox pərişan oldum. İllərin sənətkarıyam, ömrümü bu sənətə həsr etmişəm. Türkiyədə yeganə qadın muğam ifaçısı mən olmuşam ki, kasetlərim Avropaya satılıb. Sənətkara dəyər verilməyəndə küsür. İllərdir Muğam teatrı bağlıdır. Hər yerə müraciət etdim, yada salan olmadı. Muğam Teatrda işlədiyim vaxtlarda Ağdam Musiqi məktəbində dərs dedim, Şuşa kollecində müəllimlik etdim. Sonradan qərar çıxdı ki, əsas dövlət işin olmasa, bu işdən də azad olursan”.

Süjetdə Nazirliyin sənətçi ilə bağlı açıqlamasına da yer verilib.