Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar ilk dəfə öz həyatı və fəaliyyətindən bəhs edən geniş müsahibə ilə izləyicilərin qarşısına çıxıb.
OLAY yazır ki, professor Ruhiyyə Əliyevanın müəllifi olduğu “Qaranlıqda həqiqət” layihəsinin növbəti buraxılışının qonağı olub. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Tarixçi alim İlber Ortaylıdan sonra RTV Media-nın “YouTube” kanalında Türkiyədən qadın alim kimi səmimi çıxış etdim. Can Azərbaycanda — daşına, torpağına qurban olduğum bu gözəl ölkədə belə bir proqramda iştirak etmək mənim üçün xoş idi. Artıq 60 yaşını keçdikdən sonra insan gələcəyin nə gətirəcəyini bilmir. “Deyilən söz yadigardır” prinsipi ilə tarixə kiçik bir qeyd buraxmış olduq”.
Müsahibə zamanı professor Aygün Attar həyat yolundan, elmi fəaliyyətindən və şəxsi təcrübələrindən danışıb. O, proqramın aparıcısı Ruhiyyə Əliyevaya təşəkkürünü belə ifadə edib:
“Həyatımı incəliklə araşdıraraq məni həm düşündürən, həm də səmimi şəkildə danışmağa vadar edən Ruhiyyə xanıma bu peşəkar yanaşmasına görə dərin minnətdarlığımı bildirirəm”.
Alim müsahibəni özü də həyəcanla izlədiyini və emosional anlar yaşadığını qeyd edib:
“Dəstəyiniz və marağınız üçün hər birinizə əvvəlcədən təşəkkür edirəm. RTV Media-nın “YouTube” kanalında proqramı izləyərək mənə dəstək olan hər kəsə sevgilərimi çatdırıram”.