Dizayner Aynur Xəlilovanın “YouTube” kanalında yayımlanan “Hərşeyşünas” podkastı yeni – 3-cü mövsümə start verib.

OLAY yazır ki, verilişin ilk buraxılışının qonağı Xalq artisti Alim Qasımov olub. Söhbət zamanı sənətkar ilk konsert təcrübəsindən danışaraq maraqlı xatirəsini bölüşüb:

“Səhv etmirəmsə, bu, mənim birinci konsertim idi, adı yadımdan çıxıb, amma tamaşaçılar arasında tanınmış bir aktyor da vardı. Onunla yanaşı bir neçə nəfər də məşhur insanlar gəlmişdi. Mənim ifamdan sonra səhnəyə çıxıb dedi ki, “Alim bu gün çoban oldu, bizi aparıb gözəl meşələrdə, otlaqlarda otarıb gətird”. O vaxt hələ təzə başlamışdım, birinci konsert idi…”

Alim Qasımov həmçinin onun haqqında deyilən “sufi” və “dərviş” fikirlərinə münasibət bildirib:

“Çoxu gəlib mənə deyir ki, sən sufisən, sən dərvişsən? Deyirəm ki, mən nə sufiyəm, nə də dərvişəm. Bilirsiniz, mən oturan yerdə özüm üçün enerji yığıb rahatlaşıram, onda səs də rahat gəlir. Sonra deyirlər, sözlər nədir, İlahi sözlərdir? Deyirəm, adi sözlərdir də — “Ay qız, kimin qızısan?”Sadəcə, mən onu içimdən elə oxuyuram ki, tamaşaçı elə bilir Allahla danışıram, ibadət edirəm”.