Kanadalı müğənni Nelli Furtado səhnədə keçirdiyi 25 ildən sonra konsert fəaliyyətini başa vurduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə 46 yaşlı ulduz Instagram səhifəsində məlumat verib.
“Say It Right” və “Maneater” hitlərinin müəllifi sosial şəbəkədə 2000-ci ildəki ilk çıxışından əvvəl çəkilmiş bir foto paylaşıb.
“25 il əvvəl mənim ilk albomum ‘Whoa, Nelly!’ işıq üzü gördü. Mən yaxın gələcəkdə konsert fəaliyyətindən uzaqlaşaraq, həyatımın növbəti mərhələsinə daha uyğun gələcəyinə inandığım digər yaradıcılıq və şəxsi layihələrə yönəlmək qərarına gəldim,” – deyə, o, bildirib.
Furtadonun sözlərinə görə, o, karyerasından böyük zövq alıb və hələ də musiqi yazmağı sevir. Müğənni qeyd edib ki, mahnı yazmağa davam edəcək.
Şərhlərdə bəzi pərəstişkarlar, Furtadonun səhnədən ayrılmasının tənqidlər və heyter hücumları ilə bağlı ola biləcəyini ehtimal ediblər. 2025-ci ildəki bir neçə çıxışında müğənninin daha kök və cəsarətli geyimdə görünməsi izləyicilərini təəccübləndirmişdi.