44 yaşlı amerikalı pop ulduz Britni Spirs öz musiqi kataloqunu satıb. Müqaviləyə dünya miqyasında məşhur olan “Baby One More Time”, “Circus”, “Womanizer” və digər hit mahnılar daxil edilib.
OLAY yazır ki, müğənni kataloqunu nəşriyyat şirkəti Primary Wave-ə satıb. TMZ-in məlumatına görə, razılaşma 30 dekabr tarixində rəsmiləşdirilib, lakin müqavilənin rəsmi məbləği açıqlanmayıb. Bir sıra KİV-lər isə sövdələşmənin təxminən 200 milyon dollar (340 milyon manat) dəyərində ola biləcəyini yazır.
Hazırda nə Britni Spirsin nümayəndələri, nə də Primary Wave şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verib.
Qeyd edək ki, Primary Wave daha əvvəl Prins, Bob Marli, Uitni Hyuston və digər əfsanəvi sənətçilərin kataloqlarına sahibdir. Beləliklə, siyahıya öz nəslinin ən kommersiya baxımından uğurlu pop ifaçılarından birinin musiqi irsi də əlavə olunub.
Karyerası ərzində Britni Spirs 1999-cu ildə çıxan “Baby One More Time” albomundan 2016-cı ildə yayımlanan “Glory” albomuna qədər ümumilikdə 9 studiya albomu təqdim edib. Sony Music-in məlumatına əsasən, onun albom və sinqllarının ümumi satış tirajı dünya üzrə 150 milyon nüsxəyə yaxınlaşıb.
Xatırladaq ki, müğənni yanvarın əvvəlində ABŞ-da səhnəyə qayıtmağı planlaşdırmadığını bildirsə də, Böyük Britaniya və Avstraliyada çıxış ehtimalını istisna etməyib.