Bəstəkar Pərviz Mahmudov müğənni Günay İbrahimli ilə mahnı qalmaqalından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışıb. P. Mahmudov deyib ki, Günayla məhkəmələri davam edir:
“Bu günə qədər heç kimlə konflikt yaşamamışam. Sadəcə Günay tərəfdən mənə haqsızlıq olub. Elə bil ki, sənə aid olan mülkü satıram, sənə də yalandan deyirəm ki, bunun üçün pul almamışam. Söhbət mahnıdan gedir. Bilirsən ki, “Dəlisiyəm gecənin” mahnısı ona böyük uğur gətirib. Hər dəfə də qeyd edirdi ki, ona ən çox pul qazandıran bu mahnıdır. Çox təəssüf edirəm, biz çox gözəl dost olmuşuq. Bunu elə bir vaxtda etdi ki, düşmən düşmənə etməz. Bu mahnını bir reklama çəkdilər, zəng etdi, dedi ki, təmənnasız iştirak edirəm, mahnını da orada istifadə edirəm. Dedim, Günay, çox gözəl, amma reklamı çəkənlər sənin dostlarındır, mənim deyil. Reklam çəkilir, televiziyada yayımlanır, külli miqdarda pul ödənilir. Burada bir bəstəkar qalır? Bilirdin ki, bir ildir fəaliyyətim yox idi, səhhətimdə ciddi problemlər var idi, bir il işsiz qalmlşam. Bu halda o mahnını vermək istəmirdim. Aramızda mübahisə oldu, o dövrdə çox stressliydim. Həkim demişdi ki, təzyiqin 130-da yuxarı qalxa bilməz, böyük riskdir. O dövrdə susmaq məcburiyyətində qaldım, reklam çəkildi, yayımlandı. Bir müddət sonra mən bunu araşdırmağa başladım. Müəllif Hüquqlarında İctimai Birlik var, müraciət etdim, dedilər, araşdıraq, haqlısansa, yola çıxaq. Araşdırmağa başladılar, Günayın etdiyi yanlışa baxmayaraq, dedim adını çəkməyək. Gəlin, görünən tərəfi, reklam çəkən şirkəti, brendi məhkəməyə verək. İki məhkəməmiz oldu, dedilər ki, haqlısınız, lakin cavabdeh şirkət yox, Günay İbrahimlidir. Çünki Günay kontrakt imzalayıb, deyib məsuliyyəti özü daşıyır. Yəni pul alıb, mənə də deyirdi ki, dostlarıdır, təmənnasız çəkilir. Haradasa əldə etdiyi gəlir 20-30 min arasıdır. Mənə yazıb ki, bilmək istəyirəm, biz dostuq, ya yox? Buradan Günaya demək istəyirəm ki, dostluq belə olur? Əslində bu məsələni keçərdim, amma həssas dönəmim idi. Bu, illər əvvəldə baş verib. Onlar Türkiyədə albom çıxardırdı, indi də bu söhbətə görə başları ağrıyır, mahnılarını götürə bilmirlər, mənim də 4 mahnım var. Çünki qeyri-peşəkarlıq olub, tam oxumadan imzalayıblar, hətta mənim adımdan da imza artıblar. Mənim adımdan necə imza atırsız? Bunu bir dəfə keçdim. Orada pul söhbəti deyildi, sadəcə kiminsə yerinə imza atmaq nə deməkdir? Biz hazırda Günayı məhkəməyə vermişik, Füzuli rayonunda məhkəməmiz baş tutacaq, bu dəfə cavabdeh Günaydır”.