“ANS müharibəyə gedib, Vətən üçün döyüşən oğulları yetişdirdi”.

OLAY yazır ki, aparıcı Qənirə Ataşova bu fikirləri dizayner Aynur Xəlilovanın “YouTube” kanalında yayımlanan “Hərşeyşünas” podkastında qonaq olarkən səsləndirib.

O, ANS televiziyasının Azərbaycan mediasında xüsusi rol oynadığını bildirib:

“ANS-in “Ermənistanın Azərbaycana təcavüzü davam edir, şəhid xəbəri verməsi, düşmən cavab atəşi ilə susduruldu”deməsi… Bu gün ANS yoxdur, amma insanların şüuruna ötürdüyü informasiya müharibəyə gedib, vətən üçün döyüşən oğulları yetişdirdi”.

Ataşovanın sözlərinə görə, ANS illər ərzində öz ruhunu və tempini qoruyub:

“O ruhu saxladı, ANS 30 ildə o tempi qorudu. Azərbaycan televiziyalarının siyasətini hər kəs görüb. Şou-biznes istehsalının cəmiyyətə yeridilməsini də müşahidə etmişik. Düşünün, digər kanallar yalnız toy səviyyəsində müğənnilər yetişdirərkən ANS vətəni qoruya biləcək övladlar yetişdirirdi. Bu, fərqli ideologiya və fərqli taktika idi”.

Söhbət zamanı Aynur Xəlilova ANS-in “Toylar kralı” layihəsini xatırladaraq, “Toyları da televiziyaya ANS gətirdi” deyib. Qənirə Ataşova isə bu fikrə belə cavab verib:

“Olsun, toy mədəniyyəti xalqımıza məxsusdur. Amma mən toyxana müğənnilərini ANS efirində çox görmürdüm. “Toylar kralı” layihə olaraq ANS-də ola bilər, amma orada əsasən Manaf Ağayev kimi həm toy, həm də keyfiyyətli musiqi ifaçıları çıxış edirdi.

O dövrdə ölkədə televiziyaların siyasəti Prezident Administrasiyasındakı bəzi müşavirələrdən idarə olunurdu. İclaslarda kanallara hansı proqramlara üstünlük verilməli olduğu diqtə edilirdi. ANS isə bu iclaslardan mübahisə ilə qayıdırdı, çünki xalqın səviyyəsini aşağı salan proqramların efirdən yığışdırılmasını tələb edirdi”.