Ötən gün xəstəxanaya yerləşdirilən müğənni Akif İslamzadənin ürəyinə stent qoyulub.
OLAY yazır ki, bu barədə “Qafqazinfo”ya onun oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, hazırda atası Mərkəzi Gömrük Hospitalında müalicə alır: “Daha öncə belə bir hal yaşanmamışdı. İlk dəfə idi ki, infarkt keçirirdi. Dünən xəstəxanaya yerləşdirdik, axşam isə ürəyinə stent qoyuldu. İndi də həkimi gözləyirik ki, gəlib vəziyyəti ilə bağlı məlumat versin”.
***
Sənətçinin vəziyyəti ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxladıq. Xəstəxananın Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu bildirdi ki, hazırda sənətçinin vəziyyəti qənaətbəxşdir: “Akif İslamzadə dünən gecə bir radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə bizə müraciət elədi. Dərhal təcili, təxirəsalınmaz tədbirlər görüldü və angioqrafiya otağına alındı. Ürəyin ən böyük damarı tamamilə tıxanmış vəziyyətdə idi, 100% tıxanıqlıq və tromb var idi. Dərhal lazımi müdaxilələr edildi, stent implantasiyası olundu. Stent taxıldıqdan sonra ürəyin yığılma gücündə də toparlanma olduğu aşkarlandı. Bir gün reanimasiyada qaldıqdan sonra gecəni və bu gün stasionar şöbəyə alınıb. Vəziyyəti qənaətbəxşdir, stabildir. Xəstə gəzir”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var. O, Sara Qədimova və Qədir İslamzadənin övladıdır. 120-dən çox mahnının ifaçısı olan müğənni 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.