18 yaşlı küçə müğənnisi, “StopTime” qrupunun solisti Diana Loqinova (səhnə adıyla Naoko) bir daha 13 sutkalıq inzibati həbs cəzası alıb.
OLAY yazır ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb. Loqinova 13 oktyabrda küçədə musiqi ifa edərkən insanları topladığı və bu hərəkətin ictimai asayişi pozduğu iddiası ilə ittiham olunur. O, ifası zamanı Rusiya tərəfindən “xarici agent” kimi tanınan Noize MC və Monetochka-nın mahnılarını səsləndirib.
Naoko daha öncə də küçə musiqiçilərinin çıxışlarını yerli administrasiya ilə razılaşdırmadan təşkil etdiyi üçün qanun pozuntularına görə məsuliyyətə cəlb olunmuşdu. O, bu çıxışları Telegram kanalında (15 mindən çox abunəçisi var) elan etməklə tamaşaçı toplayırdı. Məhkəmə onu həm 13 günlük həbs cəzası ilə cəzalandırıb, həm də 30 min rubl məbləğində cərimələyib.
Bundan əlavə, Yekaterinburqda Naoko və “StopTime” qrupuna dəstək verdiyi üçün ifaçı Jenya Radost da saxlanılıb.
Xatırladaq ki, qrupun gitaristi daha əvvəl Naoko’ya təcridxana maşınında evlilik təklifi etmişdi.