Keçən həftə Avropada 12 ton “KitKat“ şokoladı yoxa çıxıb.
OLAY yazır ki, İsveçrənin qida nəhəngi “Nestlé“ şənbə günü bildirib ki, şokoladları daşıyan yük maşını oğrular tərəfindən ələ keçirilib.
“KitKat“ şirkətinin məlumatına görə, 413 793 ədəd yeni seriyaya aid şokoladı daşıyan yük maşını İtaliyanın mərkəzindən Avropa üzrə paylanma üçün yola düşüb, lakin Polşadakı son təyinat nöqtəsinə çatmayıb.
Yük maşını və içindəki məhsullar hələ də tapılmayıb. “Nestlé“ yük maşınının konkret olaraq harada yoxa çıxdığını açıqlamayıb.
“KitKat“ ayrıca bildirib ki, oğurlanan şokoladlar “unikal batch“ (partiya) kodu vasitəsilə izlənilə bilir. Oğurlanmış məhsulların kodunu skan edən şəxslər KitKat ilə əlaqə saxlamaq üçün təlimat əldə edəcəklər.
“Cinayətkarların zövqünün mükəmməl olduğunu qiymətləndirsək də, yük oğurluğunun hər ölçüdə biznes üçün artan problem olduğu fakt olaraq qalır”, - deyə, şirkət bildirib.