Əməkdar artist Dilarə Əliyeva ilkə imza atıb.
OLAY yazır ki, dünyaca məşhur “Harpers Bazaar” jurnalının İsveç bürosu sənətçidən müsahibə alıb.
“Görüşümüz Norveçdə baş tutdu, gizli saxladım ki, sürpriz olsun”, - deyə, Dilarə sosial media hesabında yazıb.
Dərginin üz qabığında yer alan aktrisanın müsahibəsi “Azərbaycanın Əməkdar artisti emosiyanı sənətə necə çevirir” başlığı altında yayımlanıb.
Dilara Əliyeva müsahibədə sənət yolundan, komediya və dramın fərqlərindən, həmçinin süni intellektin incəsənətə təsirindən danışıb. O bildirib ki, komediya “insanın dərdini gülərək danışmaq sənətidir” və bunun üçün müşahidə, dəqiqlik və zəkaya ehtiyac var. Stend-ap layihəsi “Mintonasiya” barədə danışan aktrisa bu janrın ona tam azadlıq verdiyini qeyd edib.
Kamera qarşısına keçən sənətçi fərqli görüntüsü ilə də diqqət çəkib.
Qeyd edək ki, sözügedən dərgi dünyanın ən qədim və nüfuzlu moda jurnallarından biridir. 1867-ci ildə ABŞ-da təsis olunan bu jurnal modanı sadəcə geyim seçimi kimi deyil, mədəni və intellektual fenomen kimi təqdim edən ilk nəşr olub. Hazırda Harper’s Bazaar 30-dan çox ölkədə dərc olunur və moda, incəsənət, mədəniyyət, gözəllik və lüks sənayesi mövzularını əhatə edir. Jurnal dünya moda evləri üçün aparıcı platforma olaraq qalır və qlobal fashion tendensiyalarına təsir göstərməkdə davam edir.