Erməni əsilli Vlad Alaberkyan adlı şəxsin Azərbaycan musiqilərini götürərək süni intellekt vasitəsilə səsləndirib və onları texno, hip-hop üslubunda yenidən işləyərək sosial şəbəkələrdə paylaşıb.
OLAY yazır ki, bu barədə Mikpro musiqi və yayım şirkətinin həmtəsisçilərindən biri, rep ifaçısı və musiqi prodüseri PRoMete (Pərviz İsaqov) məlumat verib.
Onun sözlərinə görə, sözügedən mahnılar Mikpro tərəfindən lisenziyalaşdırıldığı üçün həmin şəxsə mütəmadi bildirişlər göndərilir.

“Bu mahnılar başqasına məxsusdur və Mikpro musiqi yayım şirkəti tərəfindən qorunur. Hər hansı bir dəyişiklik etmək hüququ yoxdur. O isə bu işi rahat görmək üçün bizim lisenziyamıza hüquqi əsası olmayan “strayk” (hüquq pozuntusu xəbərdarlığı) göndərir. “Spotify”, “Apple Music” və “YouTube” kimi platformalar isə kimin haqlı olduğunu yalnız mübahisə mərhələsindən sonra müəyyən etdiklərinə görə, müvəqqəti olaraq bizim video və kanallarımızı dayandırırlar”, – deyə, İsaqov bildirib.

O əlavə edib ki, bu səbəbdən bir müddətlik Azərbaycan sənətçilərinin bəzi musiqi kanallarının bağlanması ehtimalı var.
“Hazırda Xalq artisti Şövkət Ələkbərovanın “YouTube” kanalına 13 videonun silinməsi ilə bağlı müraciət göndərilib. “YouTube” həmin videoları silib və bizdən hüquqi sənədlər istəyib. Biz bu sənədləri təqdim etmişik. Lakin buna baxmayaraq, məsələ 10 günlük mübahisə müddətinə keçib. Əsası olmayan bir şəxs, əsası olan tərəfə iddia qaldırıb və nəticədə həmin videolar 10 gün ərzində kanalda olmayacaq”, – deyə, o, qeyd edib.