“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasından şikayətçidir.
OLAY yazır ki, o, adıçəkilən xəstəxanada pis rəftarla üzləşdiyini bildirib.
N. Köçərli sosial şəbəkə hesabında yazıb:
“Bu yazını heç zaman yazmaq istəməzdim. Amma sussam, özümü heç vaxt bağışlamayacağam. Cəhənnəm quyusundayam… Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm.
Yanvarın 14-də səhər saat 7-də “Liv Bona Dea” xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra saat 7:30-da personalın tələbi ilə Şahbaz bəylə 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətdə gördüm.
Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, – dedim.
Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım.
Sonra yenə yalvardım: “Xahiş edirəm, əlavə anesteziya edin”. Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər, dedim: “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”. Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. “Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin”, – deyə əlavə etdim”.
N. Köçərlinin sözlərinə görə, dəfələrlə yalvarmasına baxmayaraq, həkimlər ona reaksiya verməyib:
“Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. “Təbii ki, xahiş edirəm, edin”, – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz, amma heç olmasa dodaqlarımı islada bilərdilər…
Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma onlar da başa düşmürdülər ki, mən tərpənmək gücündə deyiləm, bədənimdə ağrıdan başqa heç bir hissim yoxdur.
Anesteziya vuruldu və mən yuxuya getdim.
Oyananda son dərəcədə kobud rəftarla üzləşdim. Tibb qardaşı tonometrin manjetini və digər prosedurları əsəbi və — bağışlayın — heyvərəcəsinə edirdi. Amma mən artıq etiraz edəcək vəziyyətdə deyildim…
Nəhayət, məni palataya gətirdilər. Saat artıq 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə “burada gözləyin” deyib saxlayıblar. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video-görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə reanimasiya otağına da dəvət edilə bilərdi.
Normalda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər”.
O deyib ki, şikayətdən sonra verilən vədlər yerinə yetirilməyib:
“Şikayətçi olduğumuzu biləndən sonra xəstəxananın bir neçə nümayəndəsi bizə yaxınlaşdı. Əsas danışan türkiyəli bir xanım idi. Dedi ki, kameralar yoxlanılacaq, tibb personalı ilə bağlı araşdırma aparılacaq və bizə məlumat veriləcək.
Bir daha onu görmədik. “Liv Bona Dea”da 3 gün qaldım, dəfələrlə “kamera araşdırması nə oldu?” deyə soruşdum. Heç nə. Sadəcə bizi qoyun yerinə qoydular.
Yanvarın 16-da nəhayət xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. Bir saatdan sonra çıxartdılar.
Xəstəxanadan evə qayıdandan sonra tanış bir tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm…
Sırağagün Şahbaz bəy bu barədə “Facebook”da kiçik bir paylaşım edib. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayaraq dedi ki, “sadəcə smenlə bəxtiniz gətirməyib”.
Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?”.
Nigar Köçərlinin iddialarına “Liv Bona Dea" hospital aydınlıq gətirib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq xəstəxanadan bildirilib ki, məsələ ilk gündən diqqətlə araşdırılmağa başlanılıb:
"Qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalımızın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib. Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilib. Anesteziya təsiri altında olan xəstənin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub. Tədbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstənin həyat yoldaşına da məlumat verib. Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir. Bu xəstədə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman alıb.
Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunub və ağrısının azaldığı təsbit edilib. Anestezioloqun ikinci günkü müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstənin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınıb".
Xəstəxanadan bildirilib ki, xəstənin yatış otağında olarkən də məmnuniyyət şöbəsi və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və araşdırmalara başlanılıb:
"Xəstə xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilib. Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir.
Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri- etik yanaşmaların heç birini qəbul etməməklə bərabər iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq".