Müğənni Elnarə Xəlilova mediaya ona bir vaxt rəfiqə olduğu Natavan Həbibi və Xalq artisti Röya Ayxanla bağlı sual verməyi qadağan edib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb. E.Xəlilova “Qısaqapanma” verilişindəki fikirlərinin “Röya və Natavan ilə həyat tərzlərimiz fərqli olduğu üçün uzaqlaşdıq” şəklində mediada yer almasına etirazını bildirib.
İfaçı Natavan Həbibinin də “Bir bizi də yadından çıxarsa idi” şərhinin yer aldığı fotonu paylaşaraq yalnız sənəti ilə gündəmə gəlmək istədiyini, ona belə sualların verilməməsini söyləyib:
“Mənim gördüyüm işlər, layihələr, yetişdirdiyim tələbələr, səsləndirdiyim mahnılar, hazırladığım kliplər sanki heç kimə maraqlı deyil. Verilişlərin, saytların çıxardığı başlıqlar “Elnarə 5-ci uşağı gözləyir”, “Röya və Natavan bunu dedi”, “Ərim mənə “motal” deyir” və sairdir. Yəni, yaradıcılığımla bağlı nəsə yazmaq olmaz? Mən Röya və Natavanda da günah görmürəm. Axı niyə uzun verilişdən yalnız bu cür qeybətlə bağlı başlıqlar çıxarırlar. Ona təəccüblənirəm. Ona görə də heç bir verilişə getmirəm. Günah özümdədir. Gərək bu proqrama da getməzdim”.
Natavan isə Elnarənin paylaşımına “Budurmu məhəbbət payım”,-deyərək reaksiya verib. Elnarə həmkarını cavabsız qoymayıb. O, “Hər zaman yadımdasız” şərhini yazıb.
Qeyd edək ki, R.Ayxan, E.Xəlilova və N.Həbibi uzun illər “W-trio” qrupunun solisti olublar.