Sosial şəbəkələrdə yayılan məktəblinin öz sinif yoldaşını döydüyü videoyla bağlı aktyorlar arasında mübahisə yaranıb.
OLAY yazır ki, aktyor Sənan Ellez feysbuk hesabında paylaşım edərək “Həmin məktəbliyə ən pis cəza verilsin” deyənlərlə razılaşmadığını vurğulayıb:
“Başa düşürəm səhv edib. Yoldaşını döyüb. Amma ən pis cəza nədir? Niyə də? Bu gün dalaşıb, sabah barışacaqlar. O uşaqların hər ikisi gələcəyin əsgəridir, döyüşçüsüdür. Uşaq vaxtı döymüşük, döyülmüşük. Başımızı da yarıblar, baş da yarmışıq. İndi görüşəndə xoş xatirə kimi danışıb üstündən keçirik. O uşaqları qardaşlaşdırıb, qəhrəman yetişdirməliyik. Gəlin aralarında uçurum yaratmayaq. Sülh, sülh və sülh. Amma cəzasız sülh!”.
Sözügedən paylaşıma şərh bildirən aktyor Tural Əhməd isə Sənanın paylaşımını “nağıl” adlandırıb:
“Camaatın uşağının başına təpiklə vurub şikəst edirlər, sən durub nağıl danışırsan.... Nə sülh? Hansı sülh? Hansısa “gədə” oğluna elə təpikiǝr vursa, onda da sülh deyəcəksən? Döyülən onunla dalaşsaydı, cəhənnəm... Uşaq sakit dayanıb, heç nə eləmir, görünür qorxur, çəkinir. Bu biri gədə də özünü qəhrəman hesab edib o cür təpiklər vurur uşağın başına. Ona dəyən zərbələrdən kim bilir o necə travmalar ala bilər. Elə tərbiyyəsiz məxluqu cəzalandırsalar yaxşıdır...”.
Elə aktyorlar arasında mübahisə də bundan sonra başlayıb.
Sənan Turalın küyə getdiyini bildirib. Tural isə “Küyə gedən sənsən. Mən bilirəm nə danışıram… Elə sənin beynin bura qədər işləyirmiş”, - deyə, sərt reaksiya verib.
Ellez daha sonra qarşı tərəf haqqında bu sözləri qeyd edib:
“Sən anormal düşün. Mən həmişə normal düşünmüşəm. Sən yetkinlik yaşına çatmayanlara verilən cəzaların hələ nə olduğunu bilmirsən və verilən cəzadan sonra da nələr olacağını proqnoz edə bilmirsənsə, sənin də beyninin hara qədər işlədiyi bəlli olur”.
Bu fikirlər qızışan mübahisəni daha da alovlandırıb. Hər iki tərəf məsələni şəxsidə davam edəcəklərini vurğulayıb.