Olay
Olay

Yaşasa, 79 yaşı olacaqdı...

Yaşasa, 79 yaşı olacaqdı...

Bu gün həm də 6 il əvvəl vəfat edən, Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın ad günüdür. 

OLAY “Primadonna”nın həyat və yaradıcılığı ilə bağlı məlumatları təqdim edir:

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti kimi çalışıb. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İ. Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən sənətçinin evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub.

Onun  doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycanın Xalq Artisti Həbib Bayramovdur. Anası görkəmli Azərbaycan müğənnisi, Xalq Artisti Tükəzban İsmayılovadır.

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb. Müğənninin həyat yoldaşı Faiq Mirmöhsünov olub. Lakin  o, qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
Onun öz övladı olmasa da, xalasının nəvəsi Orxan Nadirovu  oğulluğa götürüb. 

İ. Quliyeva sənət fəaliyyəti müddətində bir çox undulmaz əsərə nəfəs verib, dillər əzbəri olan mahnılar təqdim edib. O, həm də “Toyda görüş”, “Mahnı qanadlarında”, “Payız melodiyaları” kimi filmlərdə də yer alıb. Onun “Kaman”, “Neylərsən?”, “De, görüm neyləmişəm?”, “Unut məni”, “Yaşın nə fərqi var ki”, “Çiçək yağışı” kimi ifaları bu gün də sevilərək dinlənilir. Quliyevanın qalmaqallı çıxışları sosial şəbəkələrdə demək olar hər gün paylaşılır. Onun həmin videoları nəinki Azərbaycanda, qardaş ölkə Türkiyədə də sosial şəbəkə platformalarında yayımlanır. 

Səhnəmizin “Primadonna”sını 79-cu ad günündə hörmət və sevgi ilə anırıq.