Bu gün Azərbaycan kino tarixində unudulmaz personajlardan birinə həyat verən, həm müğənni, həm də aktrisa, “Bəxt üzüyü”nün “Sevda”sı Firəngiz Rəhimbəyovanı itirdik.
OLAY mərhum sənətçinin həyat və yaradıcılığı ilə bağlı məlumatları təqdim edir:
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub.
Anası Raisa çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım Elmlər akademiyasının işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Hazırda uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır.
80-ci illərin sonunda Firəngiz Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirir.
Firəngiz Rəhimbəyli ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə hazırda ABŞ-ın Los-Anceles şəhərinə köçür. Amerikaya köçüdükdən sonra qızı adını dəyişərək Rachel adını götürür. Firəngiz Rəhimbəyli 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olur.
Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü 2” yenidən Sevda roluna çəkilib.