Azərbaycanda yayımlanmağa hazırlaşan yeni layihənin adı açıqlanıb.
Bu barədə OLAY-a ekran işinin lisenziya sahibi “Liya Media Production”dan bildirilib.
Verilən məlumata görə, proqramın adı “Savaş şəhəri” olacaq. Hər birində 5 qadın və 5 kişi iştirakçı olmaqla iki komanda yarışacaq. İnternet oyunlarını reallaşdıran “Savaş şəhəri” formatı hələ birinci ilində böyük uğura imza atıb.
Sürətli və məntiqli qərar vermək, nizamlı olmaq, qənaət etmək kimi xüsusiyyətlərin əhəmiyyət kəsb etdiyi, savaşçı ruhlu layihə türk millətinin milli duyğularına yer verəcək. İştirakçılar çətin şərtlərdə psixoloji testlərdən keçəcəklər. Onlar öz aralarında liderlik oyunu oynayacaqlar. Liderlər isə strategiyanı müəyyənləşdirəcək.
Oyunu uduzan komandadan 1 və ya 2 nəfər yarışmadan çıxacaq. Hər həftə çıxarılan iştirakçılardan sonra sona qalan 8 nəfər özü üçün yarışacaq. Çəkilişlərin baş tutacağı Hatayda böyük bir ərazidə hazırlıqlar davam edir. Həmin sahədə qalalar, körpülər və köhnə, tərk edilmiş evlər yer alacaq. İştirakçılar hərbi çadırda günlərlə qalacaq və onların təmizlik üçün şəraiti olmayacaq. İyun ayının 20-də isə çəkilişlərin başlanması planlaşdırılır. Yarışda hər kəs bərabərdir. Yəni oyunlarda qadınlar və kişilər bir-biri ilə yarışa biləcək.
Qeyd edək ki, iştirakçılar və komandirlərin hamısı azərbaycanlıdır.