Özbəkistanın paytaxtı Daşkənd şəhərinin Universal İdman Sarayında 26-30 May tarixləri arasında “Yeniyetmələr və böyüklər arasında Həvəskar Universal Döyüş üzrə Özbəkistan Dünya Çempionatı” keçirilib.
OLAY yazır ki, çempionat Özbəkistan Respublikasının İdman İnkişafı Nazirliyi (Ministry of Sports Development of the Republic of Uzbekistan), Beynəlxalq Həvəskar Universal Döyüş Federasiyası (Federation International Amateur Unifight) və Özbəkistan Universal Döyüş Federasiyasının (Federation Unifight of Uzbekistan) dəstəyi ilə baş tutub.
Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı çempionatda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyası 23 idmançı ilə təmsil edib. Azərbaycan yığmasının çempionatdakı iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Yarımfinal və final mərhələlərinə qalan idmançılarımız qızıl, gümüş, bürünc medal və diplomlarla təltif olunublar.
Həmçinin, çempionat çərçivəsində ilk dəfə olaraq peşəkarlar arasında dünya kəməri uğrunda döyüş keçirilib. Döyüşün qalibi universal döyüş üzrə beşqat dünya, altıqat Avropa çempionu, Dünya Oyunlarının qalibi, Asiya kəmərinin sahibi və dünya kubokunun qalibi Azərbaycan idmançısı Nicat Əliyev olub. Ümumi nəticələr isə belədir:
YENİYETMƏLƏR:
- Quliyev İldırım (45 kq) III yer
- Kərimov Sadiq (50 kq) III yer
- Babazadə Adnan (55 kq) III yer
GƏNCLƏR:
- Səfərzadə Zahid (75 kq) I yer
- İsgəndərzadə Kənan (85 kq) II yer
KİŞİLƏR:
- İsmayılov Rasim (55 kq) I yer
- Hüseynov Mehman (95 kq) II yer
- Şükürov Orxan (85 kq) III yer
- Məmmədov Ağani (85 kq) III yer
- Niftəliyev Tofiq (90 kq) III yer
- Sadiqov Elçin (95 kq) III yer
- Səlimli Asif (95 kq) III yer
DÜNYA KƏMƏRİ UĞRUNDA DÖYÜŞ:
- Əliyev Nicat (85 kq) Dünya kəmərinin sahibi
Azərbaycanda həvəskar universal döyüş növünə maraq getdikcə artır. Bu istiqamətdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Bildirilir ki, Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənovun səyləri nəticəsində son vaxtlar ölkəmizdə universal döyüş növü ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də yüksəlib.