“Hamımız şokdayıq. Deyirik ki, görəsən bu qıza birdən nə oldu? Biz çox mehriban olmuşuq. Mən ondan çox razı idim. Deyirdim ki, səni balalarımdan ayırmıram. Gecə yatanda üstünü örtərdim, gəlinim kim olsa, onu çox istəyəcəkdim. Çünki nəvələrimi mənə bəxş edib, balamın sevdiyi qızdır, oğlumu sevirəmsə, onu da istəməliyəm”.
OLAY yazır ki, bu sözləri “Günün sədası” proqramında qonaq olarkən Əməkdar artist Mətanət İsgəndərli gəlini Canananın ittihamlarına cavab verərkən söyləyib. O, sənət dostlarının gəlini ilə barışması üçün ona zəng etdiklərini deyib:
“Mən də, Kərim də (oğlu-red) ona yalvardıq. Dedim, gəlin, bizim evdə qalın, mən kirayədə yaşayaram. Oğluma və gəlinimə villanı bağışladım, özüm başqa bir ev aldım, yaşadım. Elə oldu ki, plana düşdü, villanı sökdülər. Bunlar kirayədə qaldılar. Pandemiya dövründə hər şey üzə çıxdı. Kərimə deyirdim ki, ayrı yaşayın, çətinliyimiz yoxdur. Dedi, gələk sənin yanında yaşayaq.
Bunu Cananaya da dedim, o da mənimlə qalmaq istədi. Son söhbətlərimiz belə olub, ikisi dava ediblər, məni çağırdılar. Ona köməkçi də tutmuşdum. Çünki özüm əziyyət çəkmişdim, balalarımın üzünü görməmişdim, bacımın, anamın yanına qoymuşdum. Onun rahat yaşaması, övladları ilə vaxt keçirməsi üçün köməkçi işə götürdüm. Çünki ana kimi uşağa kimsə baxa bilməz. Lakin ev işlərini də, uşaqları da köməkçinin üstə atdı. İstəmirəm qeybət etmək, onun heç nəyi əskik deyildi. Kərim içən deyil, siqarət çəkmir, saf-təmiz uşaqdır. Kim uşağını vurmur ki?! Bu hamıda var.
Kərim uşaqları ciddi döyübsə, balaları niyə ondan əl çəkmirlər? Moskvadan gələndən sonra bizdən ayrılmırlar, deyirəm, ananızı istəyirsinizsə, göndərim. Gedib, sonra qayıtmaq istəyirlər. Mən ananı baladan ayıracaq qədər qəddaram? İnanmıram kimsə gəlinini mənim kimi istəsin. Anası dünyasını dəyişdikdən sonra, onu daha çox istədim. Məhkəmə deyir ki, bir ciddi səbəb tapa bilmirəm ki, niyə ayrılırsan? Balaları üçün ağlayan ana ailəsini dağıtmazdı. Barışmaq istəsələr, özləri bilərlər. Oğluma xoşdursa, mənə fərqi yoxdur. Dava edəndə, gərək barışmaq üçün yer qoyasan. O belə deyildi, kimsə yoldan çıxardı, Allah həmin şəxsin evini yıxsın! Özü də uşaq deyil, mənim oğlumdan da beş-altı yaş böyükdü”.
Qeyd edək ki, Canananın müğənninin oğlu Kərimlə evliliyindən üç övladı var. O, mətbuata açıqlamasında M.İsgəndərlini ailəsini dağıtmaqda günahlandırıb. Canana hətta Kərimin övladlarına şiddət göstərdiyini iddia edib.