“Çox təəssüf ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq bütün ölkələrdə cahil düşüncəli insanlar var. Bir insanı dininə, dilinə, cinsi seçiminə və geyiminə görə aşağılamağa, təhqir etməyə heç kimin haqqı yoxdur. Çünki özəl həyat toxunulmazdır!”.
Bu sözləri OLAY-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. O, son günlər cəmiyyətdə baş verən diskriminasiya, erkən nikah halları ilə bağlı danışıb:
“Heç kimin özəl həyatı ilə maraqlanmıram. Mənim üçün önəmli olan insanda vicdandır, insaniyyətlikdir. Məsələn, sənət camiasında və ya siyasi arenada iki tanınmış şəxsin biri-biri ilə sözü çəp gəlsə, həmin dəqiqə “google”a girərək bir-birilərinin haqda mənfi məlumatlar toplayıb “belaltı” vurmağa çalışırlar.
21-ci əsrdə beyinlər savaşmalıdır. Mən xoşlayıram ki, hər hansı bir məsələdə insanlar fikir mübadiləsi aparsınlar və öz düşüncələrini təhqir etmədən haqlı olduqlarını bildirsinlər. Alman yazıçısı Frans Kafkanın çox gözəl bir sözü var: “Beyinlərimiz savaşsın istərdim. Amma görürəm ki, siz silahsızsınız”.
Tarix boyu cahil düşüncəli insanlarla mübarizə aparanlar olub. Uca Allah Həsən bəy Zərdabiyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, Mirzə Fətəli Axundova və digər bu milləti canından çox sevib, yanıb, həm də təhqir olunanlara rəhmət eləsin.
Mən "Z nəsli"ndən çox razıyam. Çünki bu nəslin nümayəndələri bütün mövzulara həssas yanaşırlar. Doğrunu-yanlışı ayırd edə bilirlər. Xəbər portallarında oxuyuram ki, 14, 15, 16 yaşlı qız uşağını 30, 35, 40 yaşlı bəylə nişan edirlər, evləndirirlər.
Həmin azyaşlı qızların ailəsi cahil deyilsə, bəs nədir? Övladlarına təhsil, gözəl gələcək vermək əvəzinə, yanlış qərarlar verərək həyatlarını puç edirlər. Yetkinlik yaşına çatmayan qız uşaqları ilə ailə həyatı qurmaq istəyənlər pedofildir. Bunun başqa adı və izahı yoxdur!
Hər zaman çıxışlarımda demişəm ki, təcavüz və pedofiliya hadisələrinin qarşısını almaq üçün bütün dünya edam cəzasını qəbul etməlidir. Başqa alternativ yoxdur. Bu iki hadisədə edam cəzası tətbiq edilməlidir ki, bir çoxlarına dərs olsun.
Heç kimin alnında pedofil olduğu, təcavüzçü olduğu yazılmayıb. Artıq o həddə gəlib çatıb ki, qız anaları bu gedişlə “Camdakı kız” serialında Fəridənin Nalana etdiyi kimi şərəfsizlərdən qorumaq üçün korset geyindirməli olacaqlar”.