Avroviziya təmsilçimiz Tural və Turan Bağmanovlar ünvanlarına səslənən tənqidlərə cavab verib.
OLAY yazır ki, efirdə ingilis dilində danışdıqları üçün irad bildirilən qardaşlar instaqramda bunları yazıb:
“İnsanlar nə etsək, danışırlar. Bu ictimai qınaqlardan bezmişəm, yorulmuşam. İzah edirəm, qulaq asın. Dostlarımız ingilis dilində danışırlar, kinoya, seriala bu dildə baxırıq. Kitabları bu dildə oxuyuruq. Azərbaycan dilində çox səlis şəkildə danışdığımı iddia etməmişəm və danışmıram da. Heç kəs mükəmməl deyil və olmaq məcburiyyətində də deyil. Bu, mənim təbii halımdır. İstifadə etdiyim sözləri rusca desəydim bu, heç kimi qıcıqlandırmazdı. Bu da eyni prinsipdir. Nə etsək gündəm oluruq. Siz elə bilirsiniz ki, heç nə bizim vecimizə deyil. Lakin açığını desəm, belə yaşamaq heç də asan deyil. Bəzən nifrət etmək, əsəb qusmaq və alovlanmaq istəyirəm. Ağladığım da olur. Lakin sonda hər daim seçimimiz var: sevgi ilə qorxu arasında. Qısqanclıq, qorxu, nifrət - belə emosiyalar inamsızlıqdan və sevgisizlikdən meydana gəlir.
Atası “eşşək kimi döyür” sonra “səni çox istədiyimdən belə etdim” deyir. Sonra o uşaq böyüyür və eyni prinsipi yetkinliyə daşıyır. Halbuki insanın təbii forması çox gözəldir, narın, bir o qədər də həssasdır. Bir balaca pis söz onu kirlədə bilər. Əslində biz özümüzü həyatda tez-tez ləkələrdən, çirkdən qorumağa çalışarkən müşahidə edirik ki, bəzi insanlar palçığa o qədər batıblar ki, gözəlliyə olan bütün inamları ölüb və sizin inamınızı öldürməyə meyl salıblar. Bunlar ümidsiz, qısqanc və nifrət dolu məxluqlardırlar. Gözəlliyi gördükləri an öldürmək istəyirlər. Çünki bu, onlara öz çatışmazlıqlarını xatırladır. Dostoyevski isə deyir, bir insanı öldürmək günahdır, amma onun gözəlliyə olan inamını öldürmək 10 qat daha dəhşətlidir. Saflığınızı qoruyun. Çirklənibsinizsə, təmizlənin. Hər birinizin sağlamlığı diləyi ilə...”.